Gündəm

"Bu gün, hər kəsin Onu ehtiramla andığı bir təqvimdə, Ulu Öndərin ruhu, heç şübhəsiz ki, şaddır"

Bu gün, hər kəsin Onu ehtiramla andığı bir təqvimdə, Ulu Öndərin ruhu, heç şübhəsiz ki, şaddır

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ildönümündə Prezident İlham Əliyev Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib.

Böyük Heydər Əliyev bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı ali konstitusion niyyət olaraq müəyyən etmişdi. Bu mənada, bu ilki anım tədbiri xüsusi önəm daşıyır. Çünki Müzəffər Ali Baş Komandan, dahi Liderin məzarını ilk dəfə ərazi bütövlüyü, sərhəd toxunulmazlığı təmin edilmiş, bütün suveren ərazilərində konstitusiya quruluşu bərqərar olunmuş, separatizmə son qoymuş Azərbaycanın Prezidenti kimi ziyarət etdi. Bu gün, hər kəsin Onu ehtiramla andığı bir təqvimdə, Ulu Öndərin ruhu, heç şübhəsiz ki, şaddır. Çünki arzu etdiyi, görmək istədiyi Azərbaycan məhz qalib, qüdrətli bir dövlətə çevrilmiş Azərbaycan idi ki, cənab İlham Əliyev bu arzunu reallığa çevirə bilib. Bu, həmçinin böyük Heydər Əliyevin həyatının 60 ilini həsr etdiyi Azərbaycan xalqına özünün sonuncu, 1 oktyabr 2003-cü il tarixli müraciətində, cənab İlham Əliyevlə bağlı verdiyi vədin də yerinə yetirilməsi deməkdir. Çünki Ulu Öndər 20 il əvvəl, Prezidentliyə namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərək, xalqı Ona dəstək verməyə çağırarkən bəyan etmişdi ki, inanır ki, özünün axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri məhz İlham Əliyev başa çatdıra biləcək.

Bu gün cənab İlham Əliyevin Fəxri xiyabanı Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirmiş Müzəffər Ali Baş Komandan kimi ziyarət etməsi ilə tarix Ümummilli Liderin nə qədər haqlı olduğunu bir daha sübut etməkdədir.

Bəhruz Məhərrəmov Millət vəkili

NE
Nihadə Eyyubova