“Elm və təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı ibtidai təhsil və məktəbəqədər təhsillə bağlı verdiyi açıqlamalar arzu olaraq gələcəyə hesablanan modellərin mesajıdır və bununla bağlı kimlərinsə narahatlıq keçirməsinə hər hansı bir əsas görmürəm. Nazirin özünün də dediyi kimi “məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səriştəlilik səviyyəsi artsın. Bundan sonra kim işləyirsə, təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır”. Bu mənada kolleclərin gələcəyi zamana bağlı olan məsələdir”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, son zamanlar Azərbaycanda istər ibtidai, istərsə də məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsədlərdən biri kimi qoyulub:
“Yəni, ibtidai təhsildəki müəllimlərin böyük əksəriyyəti orta ixtisas təhsillidir. Elə, son durum da bunu bir daha təsdiq etdi. İmtahanlarda 0-29 bal toplayanların 38 faizi orta ixtisas təhsillidir. Hesab edirəm ki, burda kollec təhsilinə inamsızlıqdan söhbət gedə bilməz. Kollec təhsilinə belə bir yanaşma daha çox beynəlxalq təhsil sistemində baş verən tendensiyalarla bilavasitə əlaqədardır. Bir müddət əvvəl elm və təhsil nazirinin müavini İdris İsayev də qeyd etmişdi ki, bizim qanunvericilikdə orta ixtisas təhsil pilləsi anlayışı var. Lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur. Nazir müavini onu da bildirmişdi ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır. Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalıyıq. Bu, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik.
Düşünürəm ki, istənilən halda, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə və bu məsələyə yanaşmamızı dəqiqləşdirməyimizə qədər kolleclərin gələcəyi zamana bağlı olan məsələ olaraq qalacaqdır”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev dünən keçirilən "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" beynəlxalq elmi-praktiki konfransında bağça müəllimləri ilə bağlı məsələyə toxunub. Nazir qeyd edib ki, bundan sonra orta ixtisas təhsilli bağça müəllimlərinin işləməsinə icazə verilməyəcək. Məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir.
Törə Zeynallı Demokrat.az


