Bu ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoydu. 33 il mühüm yaşdır və bu yaş Azərbaycan üçün böyük gələcəyin başlanğıcıdır.
Məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyəyə əsasən, dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır. Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir dövlətlər yeni inkişaf mərhələsinə qədəm qoyur, böyük yaradıcılğa başlayır.
Bizim də xalq olaraq böyük gələcək üçün nəhəng təməllərimiz var.
Birincisi fəxrlə deyə bilərik ki, Azərbaycançılıq ideologiyasının, Azərbaycanın əsl müstəqilliyinin, Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
İkincisi, Azərbaycan 33 yaşına kimi natamam olub. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi.
Sosial-iqtisadi inkişaf baxımında son 20 ildə illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq pensiya 18 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə artıb.
Son 20 ildə ümumi daxil məhsul 6.2 milyard ABŞ dollarından 78.7 milyard ABŞ dollarına çatıb. Strateji valyuta ehtyatlarımız 1,4 milyard ABŞ dollarından 66.1 milyard ABŞ dollarına yüksəlib.
Son 20 ildə Azərbaycan iqtisadiyyatı neft sənayesindən qeyri-neft sənayesinə uğurla transformasiya edildi. 2024-cü il üzrə dövlət büdcəsinin gəlirlərinin yarısından çoxu qeyri-neft sektorundan daxilolmaların hesabına formalaşacaq.
Təbii sərvəti olan ölkələr çoxdur, onların müstəqilliyi də, sosial və iqtisadi vəziyyətləri də göz qabağındadır. Bizim zəfərimizin də, uğurlarımızın da səbəbi İlham Əliyev idarəetməsinin nəticəsidir.
Xarici siyasətdə dünyanın bu mürəkkəb zamanında Azərbaycan heç bir regional alyansa qoşulmadan, tərəf tutmadan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşdır. Regionda Azərbaycan kimi qonşu dövlətləri ilə yüksək praktiki əməkdaşlığa malik olan digər bir ölkə yoxdur. Prezident İlham Əliyev Azərbaycanı türk dövlətləri birliyinin episentrinə çevirdi. Bu gün Azərbaycan Avrasiyada enerji və nəqliyyat xəritəsini dəyişə biləcək söz sahibinə çevrilib. Azərbaycan tarixdə olmadığı qədər müstəqil və güclüdür.
Əziz həmkarlar, son 20 ilin nailiyyət indikatorları çoxdur.
Bütün bunlardan çıxarmalı olduğumuz yeganə nəticə odur ki, Azərbaycanın rifahı həmişə Əliyev irsi ilə bağlı olub. Bu irs bizim bəxtimizdir, milli sərvətimizdir, gücümüzdür.
Məhz bu irslə, Azərbaycanın müstəqilliyinin və rifahının qarantoru İlham Əliyevlə, Zəfər seçkisindən sonra da yeni Azərbaycandan güclü Azərbaycana əmin addımlarla həmişə irəliləyəcəyik.
Kamal Cəfərov Millət vəkili


