“Bəzən insanlarda belə bir fikir formalaşır ki, fərdi həyət evləri zəlzələdən qoruyur. Zəlzələ baş verən gün internet satış portallarında həyət evlərinin qiymətinin artmasının şahidi oluruq. Lakin əmlak bazarında qiymət artımı üçün müəyyən səbəblər olmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə qiymət dəyişikliyi müəyyən zaman dilimində baş verir, qısa müddət ərzində qiymətlərin artıb, azalması üçün ciddi bir səbəb olmalıdır:
“Hər hansı fəlakətə səbəb olan dağıdıcı zəlzələ, digər təbii fəlakətlər və ya müharibə nəticəsində qiymətlər enə və ya hər hansı qlobal böhran nəticəsində qiymətlərdə artım baş verə bilər. Qısa müddətli təkanlar baş verəndə elan saytlarında qiymətlər süni formada artırılır. Lakin fərdi həyət evlərinə nəzər salsaq, görərik ki, bu gün Bakı və Abşeronda yerləşən fərdi həyət evlərindən ibarət yaşayış massivlərinin əksəriyyəti uzun illər əvvəl salınıb, bir çox evlərin istismar müddəti bitib. Digər tərəfdən həmin həyət evlərində tikinti normativləri tamamən pozulub. Ara məsafəsi qorunmayıb, hasarların hündürlüyündə standartlara əməl olunmayıb, buna görə də güclü zəlzələ olarsa, dağıntı həmin evlərdən də yan keçməyəcək. 
Satışdakı həyət evlərinə baxsaq, əksəriyyətinin ya həyəti yoxdur, ya da çox kiçikdir. Bu da zəlzələ zamanı insanların evakuasiyasına problemlər yarada bilər. Bu cür zəlzələlər zamanı qiymət artımı sünidir. Çünki zəlzələ dənizdə baş verdi, şəhərdə dalğası hiss olundu. Xüsusən də soyuq aylarda fərdi həyət evlərinə tələbat az olduğuna görə belə hadisələrin qiymət artımına səbəb olacağı real deyil”.
Törə Zeynallı Demokrat.az


