“ABŞ-ın və Fransanın siyasətində sözlə əməlin bir-birinə uyğun olmadığı özünü göstərir. Təəssüf ki, bu riyakar siyasət indi də şiddətli şəkildə davam etməkdədir. Amerikanın qərbsayağı “demokratiya” ilə Əfqanıstanı, İraqı, Ukraynanı nə hala gətirdiyini hamımız görürük. İndi də Cənubi Qafqaz bölgəsində eyni oyunu oynamaq istəyir”.
Demokrat.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attar deyib.
O bildirib ki, beynəlxalq müdaxilələrə baxmayaraq regionda olan dövlətlər buna icazə verməyəcəklər.
Siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, II Dünya müharibəsindən sonra SSRİ ilə ABŞ arasında davam edən soyuq müharibə bir çox ölkələrə öz təsirini göstərdi.
Böyük güclərin bir-biri ilə açıq müharibəyə girişmədiyini xatırladan politoloq Demokrat.az-a açıqlamasında dedi ki, onlar bunun əvəzinə dünyanın ayrı-ayrı ölkələrində siyasi, ideoloji məsələləri münaqişələrə çevirdilər:
“Məsələn, Vyetnamda sosialist düşüncəsi ilə qərb düşüncəsi arasında toqquşma müharibə ilə nəticələndi. Kambocada, Laosda münaqişələr, Koreya yarımadasının iki ölkəyə bölünməsi, Əfqanıstanda Sovetlərin Əfqanıstan Demokratik Partiyasını yaratması və ABŞ-nin buna qarşı mücahidləri silahlandırması ilə müharibə başladı. Sonuncu oxşar hadisələr Suriyada davam etməkdədir, İraqda başa çatmaq üzrədir, Ukraynada da bu ziddiyyət davam edir. Ukrayna ya öz ərazisi hesabına Qərbə inteqrasiya yolunu seçməli, ya da müharibəni davam etdirib, ərazi bütövlüyünü təmin etməklə siyasi mübarizəni davam etdirməlidir. Bu məsələlərin bir tərəfində Qərblə ABŞ, digər tərəfində Rusiya, Çin, İran dayanır”.
S.Soltan qeyd edib ki, oxşar proses Cənubi Qafqazda da görünməkdədir:
“Azərbaycan ərazi bötüvlüyünü bərpa edib, Ermənistan qarşısında sülh təklifləri ilə çıxış edir. Ermənistan da bu istiqamətdə son zamanlar bəyanatlar verir.
O, Qərbə inkişaf yolu tutduğunu nümayiş etdirir, bununla da Rusiya ilə münasibətləri gərginləşir. Belə bir şəraitdə ABŞ və Fransa tarazlığı pozur. 30 il müddətdə Azərbaycan torpaqları işğal altında olanda Qərb ölkələri, ABŞ hansı mövqedə idilərsə, bu gün də oxşar mövqe sərgiləyirlər. Qərəzli açıqlamalar verməklə hadisələri təhrif edirlər.
Cənubi Osetiya və Abxaziyanın hələ də Gürcüstana tabe olmaması bu ölkələrin Cənubi Qafqaz siyasətinin təzahürüdür. Gürcüstan da Qərbə yönəlmək istədi, amma ABŞ hakimiyyəti müdafiə edə bilmədi, Saakaşvili hələ də həbsdədir.
Fransanın da fəaliyyəti və beynəlxalq səhnədə oynadığı rol II Dünya müharibəsindən, xüsusilə də prezidenti Şarl de Qoll öləndən sonra açıq-aşkar görünür. Fransanın Afrikadakı yarıtmaz və yarımçıq fəaliyyəti tarixinin qanlı ləkəsidir. Oxşar hadisəni ermənilərin əli ilə Cənubi Qafqazda da həyata keçirmək istəyir. Bir sözlə, ABŞ və Fransanın tutduğu yarımçıq mövqe münaqişələrin həllinə yardım etmir”.
Törə Zeynallı Demokrat.az


