Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir.
O bildirib ki, paytaxtda tıxacın əsas səbəbi mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsi məsələsinə baxılmalı olduğunu vurğulayıb:
“Hazırda Pedaqoji Universitetin Şəki filialı fəaliyyət göstərir. Şəki həmin regionun mərkəzi şəhəridir. Bu təhsil ocağı professor-müəllim heyəti və digər sahələrlə birgə müstəqil olmaq üçün tam hazırdır. Şəki təhsil və ziyalılar şəhəridir. Ona görə də burada universitetin müstəqil fəaliyyət göstərməsinə ehtiyac var. Hesab edirəm ki, gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, daha çox tələbə kontingetinə malik olan universitetlər paytaxtdan kənara köçürülə bilər:
“Bakı Dövlət Universitetində köklü dəyişiklik edə bilmərik. Bu universitet fəaliyyətini elə Bakıda davam etdirməlidir. Amma bəzi universitetlər, məsələn, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Neft və Sənaye Universiteti və digərlərinin başqa yerlərə köçürülməsi oralarda infrastrukturun yaxşılaşdırılmasına, müəyyən qədər inkişafa səbəb ola bilər.

Dünyanın əksər ölkələrində əsas şəhərlərdə də universitetlər var, lakin elə də tıxac yaranmır. Ümumilikdə isə bəli, düşünürəm ki, bu, tıxac probleminin həllinə təsir edə bilər. Universitetlərin köçürüləcəyi ərazilərdə yaxınlıqda tələbə yataqxanaları da tikilə bilər ki, bu da tələbələrin rahatlığını təmin edər. Kampuslar salına, tələbələr üçün laborator şərait yaxşılaşdırıla, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün idman meydançaları tikilə bilər. Bunlar həmçinin Azərbaycan universitetlərinin dünya reytinqində yer almasına təsir edə bilər”.
Ekspert hesab edir ki, Pedaqoji Universitetin Şəki filialının tam müstəqil olması hələ tezdir:
“Bu universitetdə yalnız pedaqoji yönümlü ixtisaslar yer alır. Onun müstəqil olması üçün orada bəzi digər ixtisaslar da açılmalıdır. İT və iqtisadiyyat yönümlü ixtisaslar açılandan sonra filial müstəqil universitet statusus ala və ya publik hüquqi şəxs statusunda bir universitet ola bilər. Quba filialında da müəyyən inkişaf var. Bir neçə regional universitetlər də var ki, orada müəyyən ciddi irəliləyişlərə nail olunub. Amma düşünmürəm ki, hansısa universitetin bölgə filialını yüksək göstəricilərinə görə müstəqil elan edə bilək. Bunun üçün tezdir, müəyyən işlər görülməlidir”.
Törə Zeynallı Demokrat.az


