Bakının Xəzər rayonunda 1971-ci il təvəllüdlü Fərhad həyat yoldaşı Nigara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 31-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Fərhad yaşadığı evdə arvadı Nigar ilə aralarında yaranmış ailə-məişət mübahisəsi zamanı yumruqla onun sifət nahiyəsindən qəsdən vuraraq ona xəsarətlər yetirib. Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2007-ci ildən 2018-ci ilədək Nigar ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb, 2018-ci ildə rəsmi nikaha daxil olub: “Nigarla birgə nikahdan iki övladım var. Arvadım işləsə də, onun pulu hara xərclədiyini bilmədiyim üçün ondan pulu hara xərclədiyi soruşdum. Lakin bu barədə Nigar mənə heç nə demədi. Nigar övladlarıma baxmır, onu bir neçə dəfə başqa şəxslərlə mobil telefon vasitəsi ilə danışan zaman görmüşdüm. Ona görə də Nigarın xəyanət etdiyindən şübhələnirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 31-də, saat 22 radələrində yaşadığı evdə arvadı Nigarın anası ilə mobil telefonla danışan zaman onun vəfat edən anasını təhqir edib: “Ona görə əsəbiləşərək qəsdən yumruqla onun sifət nahiyəsindən vurdum və onun saçını dartdım. Qızım da Nigara irad bildirdi. Ona görə də Nigara xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Nigarın sözlərinə görə, əri Fərhad evdə mütəmadi münaqişə yaradır, onu döyərək təhqir edir, ailəsinin dağılmamasına və övladlarına gorə polisə müraciət etməyib: “Bir neçə dəfə boşanmaq üçün ərizə yazsam da, sonradan ərizəmi geri götürmüşəm. Təxminən 6 ildir ki, Fərhad işləmir, özüm fərdi əməklə məşğul olaraq ailəmin maddi ehtiyaclarını ödəyirəm. Hazırda Fərhad özünə avtomobil almaq üçün evin satılması ilə bağlı mənə təzyiq göstərir”.
Zərərçəkmiş qeyd edib ki, iyulun 31-də, saat 22 radələrində yaşadığı evdə olan zaman Fərhad yenidən evin satılmasına görə onunla mübahisə etməyə başlayıb: “Fərhada etiraz etdikdə qəsdən yumruqla onun sifət nahiyəsinə vurdu və saçımı dartaraq xəsarət yetirdi. Döyüldükdən sonra polisə məlumat verdim. Xırdalan şəhərində yaşayan qardaşımın evinə getdim. Hadisə zamanı övladlarım da evdə olub. Hadisə zamanı övladlarıma xəsarət yetirməyib”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Fərhadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


