O vaxt külək də başqa cür əsirdi, sanki...
Dəyişən nə oldu? Bir müddətdir sualıma cavab axtarıram. Cavabı sadədir - çox şey. Əşyalar, insanlar, evlər, binalar, yollar...
Uşaqlıq şəkillərim gözümün önünə gəlir. 2000-ci illər, Bakı necə də sevimli idi, səmimi idi. Sevgili kimi idi. İndi köhnə sevgiliyə bənzəyir. Xatırlanır bəzən, fərq ondadır ki, köhnə şəhərə qayıtmağı istəyirsən.
Uşaqlığım o illərə təsadüf edir. Amma deyirəm doğulduğum tarixdə artıq 10 yaşım olsaydı, yəni 10 il əvvəl doğulsaydım, keçmişdən daha çox "kadr" qopara bilərdim, daha çox köhnəlik. Sonra indi çatacağım yaşımı hesablayıram, fikrimdən vaz keçirəm. Yaşlanmaq qorxusu...
Anamın bir rəfiqəsi var idi, Şəlalə parkından aşağıdakı köhnə həyətlərdən birində yaşayırdı. Çox xoşuma gəlirdi evi. Bütün əşyalar köhnənin idi, servantın içindəki oyuncaqlara qədər. Bizim evimiz də köhnə İçərişəhər evlərindən idi. Amma nədənsə o ev mənə başqa cür gəlirdi, bəlkə də hündür pəncərələri maşın yoluna baxdığı üçün. Bizim küçəyə açılan pəncərəmiz yox idi...
Hə, o vaxt külək də başqa cür əsirdi. İndi küləyin səsini evdən çox da eşitmək olmur. Amma onda küləyin səsinə oyanardıq. Bəlkə də küləyin vıyıltısını gətirən İçərişəhərin dar küçələri idi. Özü də külək əsəndə, yağış yağanda deyirdik ki, sabah məktəbə getməyəcəyik. İndi küləkdən çox maşınların səsi gəlir. Sayı-hesabı bilinməyən maşınların. Adama hərdən elə gəlir ki, bu balaca şəhərdə insandan çox maşın "yaşayır" . Maşınlar şəhəri...
Bir neçə gün əvvəl qarşıma bir şəkil çıxdı. Köhnə aşağı sinif dərsliklərindəki qış mənzərəsi. Dərs kitablarımız yadıma düşdü. "Ata, topu at"... O vaxt kitablardakı şəkillər də daha canlı idi, şeirlər daha yaddaqalan, mətnlər daha mənalı. Şəkillər həyatın özü idi. Qar təkcə şəkillərdə yağmırdı. Deyəsən o vaxt qışı da sevirdim. Bakıya qar yağmayandan bəri qış ancaq soyuğun, palçığın, qısa gündüzlərin, qalın paltarların, gecədən səhərə yanan peçin fəsli oldu.
Bu yaxınlara kimi həyatımda köhnədən nələrsə qalmışdı, hətta çox şey, böyük şeylər. Evimiz, həyətimiz... Amma deyəsən onlar da ilbəil dəyişən İçərişəhərə ayaq uydurmaq istədi. Bayır şəhərdən fərqi qalmayan içəri şəhərdə köhnə həyət... Hər şey kimi o da dəyişməli idi. Zaman bunu tələb edir.
Köhnələr artıq filmlərdə, şəkillərdə qalıb. Bir də xatirələrdə. Uşaqlığımın cizgi filmləri də gözəl idi. İzləyirəm hərdən. "Şəhrizad"ı çox sevirdik , necə həyəcanla izləyirdik bacımla hər bölümünü. "Nu, poqadi"yə ailəlikcə baxıb, gülürdük. Həftəsonları isə AzTv-də yerli cizgi filmləri günü idi. İndiki uşaqlara üzülürəm. "Maşa və Ayı"dan başqa nəyə baxırlar? Biz zəngin idik...
Yeni il bayramında ən çox "İroniya sudbı ili s leqkim parom" filminə baxmağı xoşlayırdım. Xüsusən də gec saatlarda veriləndə televizorun qabağını kəsdirirdim. Gecə saat 12-ni vuranda bayırda atəşfəşanlıq, evdə bayram masası, yolka, əllərimizdə benqal şamları. Sevinc, xoşbəxtlik. Nənə-baba da yuxarı başda. Yeni il gecəsi heç yatmaq istəmirdik, oturub, film izləyirdik. Amma səhərə Şaxta Babadan hədiyyə görmək vardı, yatmasaq, gətirməyəcəkdi...
Yəqin o filmi də köhnələrdən olduğu üçün sevirəm. Bir neçə Azərbaycan filmi də var ki, şəhərin köhnə mənzərəsini, ab-havasını adama çatdırır. "Gün Keçdi" kimi... Həsən Məmmədovu ən çox "Oqtay" obrazına görə sevirəm. Axı o da köhnə Bakını sevirdi, qoruyub, saxlamaq istəyirdi.
Novruzun dadı isə başqa idi. Günlərlə davam edən bayramı necə sevməmək olar ki? Hər Novruzda babam stola qırmızı süfrə sərirdi, çərəz, şirniyyat alıb, xonça qururdu öz əlləri ilə. Sonra da deyirdi, "yeyin, heç nə qalmasın"... Süfrənin rəngi, naxışları elə gözəl idi ki, lap adamın gözü qamaşırdı. Əvvəllər papaq da atırdılar. İndi hamı qapısını elə möhkəm bağlayır ki, papaq atsalar belə, qapının tıqqıltısını eşitmək olmaz. Bayramları əvvəl necə qeyd edirdik, indi necə...
Görəsən, bu qış Bakıya qar yağacaq?


