Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda doğulmuş şəxs ölkə vətəndaşı hesab edilir. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə vətəndaşlıq təklif edir. Onların arasında sonradan Qarabağa köçürülənlər də var, yəni orada doğulmayanlar.
Tanınmış hüquqşünas Mehman Muradlı Demokrat.az-a açıqlamasında həmin kateqoriya şəxslərə vətəndaşlıq verilməsi prosedurunu hüquqi baxımdan izah edib:
“Vətəndaşlıq məsələsi həmin ölkənin məsuliyyətində olan məsələdir. Əgər şəxs xarici ölkə vətəndaşıdırsa və ya vətəndaşlığı yoxdursa, ona vətəndaşlıq verilməsi məsələsi birbaşa prezidentin səlahiyyətindədir. Hazırda Xankəndində Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsi fəaliyyət göstərir. Bölgədə vətəndaşlığı olmayan və ya xarici ölkə vətəndaşı olan şəxslərin müraciətlərinə bu qurum tərəfindən baxılır, onların sənədləri toplanır. Yəqin ki, konkret olaraq sənədlər müəyyən olunacaq. Proses Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilir, yəni hansı şəxslərə vətəndaşlıq vermək olar, hansılara olmaz. Bununla bağlı vəsadətlə prezident qarşısında çıxış edəcəklər. Düşünürəm ki, hər adama vətəndaşlıq vermək mümkün olmayacaq, həm də bu, uzun çəkən prosesdir”.
Törə Zeynallı Demokrat.az


