Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib ki, məktəbdə telefon istifadəsi təhsil müəssisəsinin daxili qaydaları çərçivəsində tənzimlənə bilər. “Bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".
Nazir onu da xatırladıb ki, məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, sözügedən qadağanın tətbiq edilməsi üçün müvafiq hüquqi normanın və ya hər hansı təlimatın olması mütləqdir.
Deputat Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ uzun müddətdir müzakirə olunur.

“Kənardan xoş səslənə bilər. Düşünürəm ki, yalnız ciddi araşdırıb, təhlil etdikdən sonra hər hansı qərara gəlmək olar. Bu qadağa müəyyən mənada faydalı olsa da, digər tərəfdən bəzi çətinliklər də yarada bilər. Dəqiq və konkret mexanizmlər müəyyənləşdirilməlidir.
Şagirdlərə telefon qadağan edilirsə, müəllimlər də istisna edilməməlidir. Yaxşı olardı ki, telefonlar dərs vaxtı toplanılsın, dərslər bitdikdən sonra şagirdlərə qaytarılsın. Telefondan istifadə dərsə mane olan bir amil kimi nəzərdən keçirilməlidir, bununla belə, ciddi müzakirə və təhlillərdən sonra qadağan edilməsi barədə düşünmək olar”.
Törə Zeynallı Demokrat.az


