Gündəm Özəl

Ərdoğan-Putin görüşü: "Ümid edək ki, Türkiyə bu görüşdən istədiyini ala biləcək"

Ərdoğan-Putin görüşü: Ümid edək ki, Türkiyə bu görüşdən istədiyini ala biləcək

Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində deyib ki, Ankara tezliklə Ərdoğan – Putin görüşünün baş tutmasını prioritet hesab edir.

Onun sözlərinə görə, Prezident Administrasiyası görüşün müxtəlif tarixləri və formatları üzərində işləyir.

"Burada əsas prioritet prezidentimizin cənab Putinlə mümkün qədər tez görüşməsini təmin etməkdir", - deyə müşavir bildirib.

Türkiyə mətbuatı görüşün sentyabrın 4-də Soçidə olacağını yazır.

Politoloq Rəşad Bayramov Demokrat.az-a açıqlamasında Ərdoğan – Putin görüşündə müzakirə ediləcək məsələlər barədə proqnozunu bölüşüb:

Ərdoğan-Putin görüşü: Ümid edək ki, Türkiyə bu görüşdən istədiyini ala biləcək

“Türkiyə Ukrayna – Rusiya məsələsində önəmli vasitəçi rolunu oynayır. Özünün də bu vasitəçilik missiyasında prioritetləri var. Birincisi odur ki, hazırda “Taxıl sazişi” bərpa olunmalıdır. Bu həm Türkiyəyə əlavə dividentlər gətirir, həm də taxıl qıtlığı ilə üzləşən ölkələrin ərzaq problemlərinin həllinə birbaşa dəstək verir. Düşünürəm ki, Soçidə keçiriləcək görüşdə ilk müzakirə mövzusu bu sazişin bərpası istiqamətində səylərin artırılması olacaq. Çətin məsələdir, çünki həm Rusiya, həm də Ukrayna tərəfi bundan əvvəl imzalanmış öhdəlikləri yerinə yetirmədi, tərəfləri yenidən bir araya gətirmək asan olmayacaq. Lakin Türkiyə hər iki ölkə ilə yaxşı münasibətlərindən istifadə edərək, müəyyən razılığa nail ola bilər”.

Politoloq bildirib ki, müzakirə mövzusu tək Ukrayna məsələsi olmayacaq:

“Prezidentlərin müzakirə edəcəkləri məsələlər arasında Cənubi Qafqaz, Suriya və digər toqquşan nöqtələr də olacaq. Bunlar barədə də ətraflı fikir mübadilələrinin gedəcəyini düşünürəm. Görüşün vaxtı və yeri barədə məlumat yayılıbsa, demək, ilkin razılıq əldə olunub. Xarici İşlər Nazirlikləri və digər aidiyyəti qurumlar arasında razılaşma əldə olunmasaydı, səfərin əhəmiyyəti də olmazdı. Ümid edək ki, Türkiyə bu görüşdən istədiyini ala biləcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova