Fransa hakimiyyəti məktəblərdə bədəni tamamilə örtən və adi paltarın üstündən istifadə olunan əbayə adlanan müsəlman qadın geyimini qadağan etmək niyyətindədir.
Bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.
"Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - o, TF1 telekanalının efirində bildirib.
Xatırladaq ki, 2004-cü ildən Fransanın təhsil müəssisələrində dini simvolları və ya inancları simvolizə edən geyimlər qadağandır.
Azərbaycanda da hicablı xanımlar bəzi məsələlərdə problemlərlə qarşılaşırlar. ASAN Xidmət mərkəzlərində sənəd üçün şəkil çəkdirərkən onlardan hicablarını çıxarmaq tələb edilir. Qızların məktəbə hicabla gəlməyinə müsbət yanaşılmır, bəzən direktorlar buna icazə vermir.
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, məktəbdə hicab və ya geyimdə dini inancı əks etdirən digər elementlər qadağan deyil: 
“Bir neçə il əvvəl süni şəkildə 6-7 yaşlı uşaqların hicab taxması kütləvi hal almışdı. Bununla bağlı müəyyən tədbirlər görüldü. Hazırda şagirdlərin məktəbə hicabla gəlməsi ilə bağlı hər hansı qadağa yoxdur. Dövlət mülkiyyətində olan məktəblərdə məktəbli forması Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə təsdiq olunub. Düzdür, məktəbli formasında baş geyimi nəzərdə tutulmayıb. Lakin 10 il əvvəlki dövrlə müqayisədə indi hicab və ya digər dini geyimlə məktəbə gəlməkdə bir problem yoxdur”.
Azərbaycan dünyəvi dövlətdir, təhsil sistemi də dünyəvi xarakter daşıyır. Dini təhsil müəssisələri dövlət mülkiyyətində deyil. Azərbaycan bu gün dünyada tolerant və multikultural ölkə kimi tanınır. Dini geyimlərlə bağlı məktəblərdə xüsusi bir qadağa yoxdur”.
Törə Zeynallı Demokrat.az


