Kriminal Özəl

57 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

57 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1966-cı il təvəllüdlü Fikrət ailə münaqişəsi zəminində həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 6-da baş verib. Fikrət yaşadığı evdə həyat yoldaşı ilə ailə-məişət zəminində mübahisə edib.

Bu zaman Fikrət əli ilə Xumarın sağ və sol əlindən qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Fikrətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fikrət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1991-ci ildə Xumar ilə rəsmi nikaha daxil olub:

“Onunla birgə nikahdan iki övladım var. Aprelin 6-da, saat 08.45-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə yemək yedim və işə getməyə hazırlaşan zaman Xumar heç bir səbəb olmadan mənimlə mübahisə etdi. Mübahisə zamanı Xumar məni vurmaq üçün üzərimə hücum çəkdi. Xumar üzərimə hücum çəkdiyi üçün əlim ilə sağ əlindən qəsdən vuraraq ona xəsarət yetirdim. Daha sonra evi tərk edərək işə getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən zaman qızı da evdə olub.

İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, əri Fikrət spirtli içki aludəçisidir, mütəmadi spirtli içki qəbul edərək evdə münaqişə yaradır, onu təhqir edərək döyür: “Aprelin 6-da, saat 08.45-də yaşadığımiz evdə Fikrət spirtli içki içərək evdə yenidən münaqişə yaratdı, məni təhqir etdi. Mən də Fikrətin hərəkətlərindən bezdiyim üçün onun qardaşlarına məlumat vermək istədim. Mobil telefon vasitəsi ilə Fikrətin qardaşlarına məlumat vermək istəyən zaman mobil telefonu əlimdən aldı. Əli ilə sağ və sol əlimə qəsdən vuraraq mənə xəsarət yetirdi”.

Xumar qeyd edib ki, Fikrət ona xəsarət yetirdikdən sonra polisə məlumat verəcəyini bildiyi üçün evdən gedib. O bildirib ki,Fikrətdən şikayətçidir, onunla barışmayıb.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Fikrət 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsinyaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova