“Müharibə cinayətləri, insanlığa və bəşəriyyətə qarşı dəhşətli əməllər törətmiş, soyqırımı və qanunsuz deportasiya həyata keçirən Vaqif Xaçaturyanla bağlı Ermənistan hökumətinin hay-küy salması və beynəlxalq məhkəmələrə müraciəti mənasızdır. Bu, Ermənistanın müharibə cinayəti törədən şəxslərin müdafiəsi üçün atdığı addımların bir hissəsi kimi dəyərləndirilə bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
O qeyd edib ki, ermənilər guya mülki şəxsin həbs edilməsi kimi bir iddia qaldırırlar, amma unudurlar ki, hələ 2013-cü il noyabr ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Vaqif Xaçaturyan beynəlxalq axtarışa verilmişdi: “10 ildir bu adam beynəlxalq konvensiyalarla qadağan edilən müharibə cinayətləri törətdiyinə görə axtarışda olub və qanun qarşısında cavab verməlidir.
Son günlər mətbuatda onun cinayətlərinin şahidləri, zərərçəkənlər danışır. Əgər hansısa beynəlxalq təşkilat bunlara rəğmən Xaçaturyanın müdafiə edilməsinə yönəlik addımlar atarsa, hansısa qərarlar qəbul edərsə, beynəlxalq hüquqa qarşı çıxmış olar”.
Ç.Qənizadə əlavə edib ki, beynəlxalq hüququn müddəalarına əsasən Xaçaturyan törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır:
“Beynəlxalq hüquqda Cenevrə Konvensiyası, Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya var. Bu əməlləri törədənlərin mühakimə edilməsilə bağlı müddət qoyulmayıb. Buna görə də cinayətin 31 il öncə törədilməsinə baxmayaraq cinayətkarın bu gün də mühakimə edilməsi tam hüquqi çərçivədədir və Azərbaycan qanunları ilə cəzalandırılacaq”.
Törə Zeynallı Demokrat.az


