Abşeron rayonunda “Heydər Əliyev ili” çərçivəsində “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycan tarixinin təməli” mövzusunda tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixindən başlayaraq ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışmış, Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələlərinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb.
Sonra Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək Ümummilli Liderlə bağlı xatirələri bölüşmüş, Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulayıb ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.
Daha sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə və Vətən Müharibəsi qazisi Elməddin Novruzov çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışmış, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu qeyd ediblər. Bildirilib ki, dahi şəxsiyyət bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Onlar şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






