Təhlil Özəl

Əli Kərimlinin növbəti şousu: AXCP qurultayı nələri sübut etdi?

Əli Kərimlinin növbəti şousu: AXCP qurultayı nələri sübut etdi?

AXCP-də qurultay keçirilib və Əli Kərimli yenidən sədr seçilib. Azərbaycan ictimai rəyində nə AXCP, nə onun qurultayı, nə Əli Kərimlinin yenidən sədr seçilməsi heç bir reaksiya doğurmur, çünki xalq siyasi avantüradan başqa heç nə ilə yadda qalmayan bu qrupu, daha doğrusu, qruplaşmanı çoxdan unudub.

Amma bəzi məqamlar fonunda AXCP-nin qurultayına toxunmaq zərurəti var, ən azından gələcəyimiz baxımından.

Qurultay nələri sübut etdi?

Əli Kərimli 22 illik “postunu” qorudu. Bunu yalnız mizahla belə yazmaq olar, çünki heç bir yarışdan, yaxud rəqabətdən söhbət getmir. Yeganə namizəd Əli Kərimlidir, heç bir alternativ namizəd yoxdur. Buna baxmayaraq, səsvermənin gizli şəkildə keçirilməsi komediyanın ustalıqla oynanılmasıdır. Onsuz da Əli Kərimli sədr olacaq, o zaman, bu səs verməyə, hələ bunu gizli etməyə nə hacət?!

Əli Kərimli bununla guya “demokratiya” nümayiş etdirir və bununla xalqı, ictimai rəyi aldada biləcəyini hesab edir, amma cəmiyyət onu çoxdan unutduğu üçün onun şousu yalnız ətrafındakı bir ovuc insana və xaricdə arada maliyyə əldə etdiyi dairələrə hesablanıb. Bu şou 22 ildir davam edir. Vaxtilə AXCP-nin sədrliyini ələ keçirmək üçün Elçibəyə qarşı hər cür şantaja əl atan Əli Kərimli buna nail olandan sonra partiya daxilində rəqib olaraq gördüyü hər kəsi şantaj, qaralama ilə sıradan çıxardı. İndi o, “zirvədə” sözün gerçək mənasında tənhalığını yaşayır. Ətrafında bir ovuc insan toplayıb, onları “otur Fatı, dur Fatı” prinsipi ilə idarə edir. Əli Kərimli deyir, ətrafındakılar alqış tutur, dediklərini də, alqışları da özlərindən başqa heç kim eşitmir.

Bu qurultay bir daha sübut etdi ki, Əli Kərimli diktatordan başqa bir şey deyil, özünə vurğun və heç bir alternativ fikri qəbul etməyən despot. Onun hakimiyyətə gəlməsini təsəvvür etmək çətindir, çünki heç bir elektorata və ictimai nüfuza malik olmayan, siyasi karyerası yalnız xəyanətlər üzərində qurulan, divident əldə etmək üçün milli maraqları belə satmaqdan çəkinməyən birinin Azərbaycanda hakimiyyətə gəlməsi mümkün deyil. Amma təxəyülümüzü məcbur edib onun hakimiyyətdə olduğunu təsəvvür etsək, AXCP-də yaratdığı diktatura rejimininin bütün Azərbaycanda tətbiq edəcəyi şübhəsizdir. Şübhəsiz ki, ölkəni hazırda əlində saxladığı trol ordusunun vasitəsi ilə idarə edər, əks fikir söyləyənləri dar ağacından belə asar.

AXCP-nin qurultayı onu da sübut etdi ki, Əli Kərimlinin bütün “performansı” sosial şəbəkələrdəki trol ordusunun byənmələri və feyk profillər vasitəsilə yazılan şərhlərdən ibarətdir. Qurultayda cəmi 200-ə yaxın iştirakçı var idi və bu, Əli Kərimlinin real elektoratıdır. Sosial şəbəkələrdə feyk profillərlə “minlərlə tərəfdarı” olduğunu göstərməyə çalışan Əli Kərimli real həyatda bir salonu doldurmağa bəs etməyən tərəfdarı var, onlar da illərdir “hakimiyyətə gələcəyik” vədi ilə yanında saxladıqları və dost-tanışı, qohum-əqrabasından ibarətdir.

Əli Kərimli bu qurultayla siyasi meyit olduğunu da nümayiş etdirdi. Sosial şəbəkələrdə “demokratiyadan”, “ədalətdən” danışır, partiyaya gəldikdə diktatura rejimi tətbiq edir, 22 ildir tutduğu postu tərk etmir, əks fikir söyləyənləri məhv edir.

Onun qorxduğu yalnız xarici dairələrdir, çünki onlara maliyyə mənbəyi kimi baxır. Bu günlərdə ABŞ-ın Bakıdakı səfirliyində bu ölkənin müstəqillik gününə həsr olunmuş tədbirdə gördüklərimiz də bunu bir daha sübut etdi. Belə ki, üç aktivist tədbirdən istifadə edərək, Gədəbəydəki məsələyə etiraz üçün “flaşmob” keçirməyə cəhd edib, lakin səfirliyin mühafizəçisi onları qovub. Hətta ərazidən uzaqlaşdırarkən, bunu kobud formada ediblər. Həmin tədbirdə iştirak edən Əli Kərimli, İsa Qəmbər və digər “müxaliflər” bu mənzərəni gülüşlə seyr edirdilər. Halbuki, ictimai asayişi pozan eyni hallara qarşı Azərbaycan polisi qanunvericiliyə uyğun addım atanda Əli Kərimli və qruplaşması hay-küy salır, bunu “insan haqlarına zidd addım” kimi qələmə verir, günlərlə kampaniya aparırlar. Necə olur, ABŞ səfirliyi eyni addımı atanda gülür, Azərbaycan polisi eyni addım atanda hay-küy salırlar?!

Səbəb sadədir, çünki onların “demokratiya”, “insan haqları” anlayışı öz maraqlarına uyğun dəyişir.

Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru

NE
Nihadə Eyyubova