Bakının Binəqədi rayonunda 1975-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində həyat yoldaşı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 21-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində baş verib.
Vüsal yaşadığı evdə qeyri-rəsmi həyat yoldaşı Leyla ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Sonra onu yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 1998-ci ildə Leyla ilə qeyri-rəsmi olaraq ailə həyatı qurub:
“Bizim bir oğlan və bir qız övladımız var. Qeyri-rəsmi həyat yoldaşım Vüsalə ilə qısqanclıq zəminində mütəmadi olaraq aramızda münaqişə baş verib. Onu dəfələrlə döydüyümdən münasibətlərimiz korlanıb. Hadisə günü, saat 14.00-da Leyla yenidən qısqanclıq zəminində mənimlə münaqişə etdiyindən əsəbləşdim. Ona əlim ilə qəsdən 10-12 dəfə zərbə vuraraq xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, Vüsal ilə uzun illərdir aralarında qısqanclıq zəmnində münəqişələr baş verir:
“Mübahisələrimiz müəyyən vaxtlarda sözlü olsa da, Vüsal çox vaxt məni və övladlarımı döyüb. Bu hadisələr 24 ildir ki, mütəmadi olaraq davam edib. Vüsalın 2020-ci ildə məni yumruqla vurması nəticəsində qaş nahiyəm yarıldı, burnum sındı. Həmin vaxt qaşıma tikiş qoyuldu. Belə hadisələr dəfələrlə təkrarlanıb”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 14 radələrində evdə olan zaman Vüsal evə gəlib və onunla səbəbsiz olaraq münaqişə yaratmağa başlayıb:
“Həmin vaxt mən evdə tək idim. Vüsal səbəbsiz yerə məni yumruq və təpik zərbələri ilə vurmağa başladı. Daha sonra yerdə olan taxta parçasını götürərək bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi. Həmin vaxt zərbələrdən biri burun nahiyəmə tuş gəldi və burnum qanamağa başladı. Mən qışqıraraq ətrafda olan şəxsləri köməyə çağırmağa başladım. Vüsal evdən çölə çıxaraq uzaqlaşdı. Bundan dərhal sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə baş vermiş hadisə barəsində məlumat verdim”.
Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən məhkəmə Vüsalın barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


