"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Brüssel prosesi əsas formata çevrilib. Hazırda bu Brüssel formatından kənarda sülh sazişinin imzalanması ətrafında hər hansı razılaşmanın ola biləcəyi o qədər də inandırıcı görünmür".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitik bildirib ki, Kişinyovda keçirilməsi nəzərdə tutulan görüş ən yaxşı halda, diplomatik fikir mübadiləsi xarakteri daşıya bilər. Çünki Azərbaycan və Ermənistan liderləri bir çox prinsipial mövzuları Brüssel görüşündə artıq müzakirə ediblər:
"Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlaması isə Brüsseldə kifayət qədər önəmli irəliləyişlərin olduğunu təsdiqləyir. İndi Kişinyovda Brüssel görüşündən qısa müddət keçdiyi halda, əlavə hansı nəticələrin ola biləcəyi bir qədər müəmmalıdır.
Əslində, rəsmi Bakı Kişinyov görüşündə iştirak etməyə o qədər də həvəsli deyil. Çünki Kişinyov görüşünün təşkili ilk növbədə Fransa prezidenti Emmanuel Makronun şəxsi maraqlarına cavab verir. Fransa prezidenti Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirak etdiyi barədə rəylər yaratmağa çalışır. Rəsmi Bakı isə ermənipərəst Fransanın Cənubi Qafqazdakı proseslərdə iştirakına ümumiyyətlə qarşı çıxır. Bu baxımdan, Kişinyov görüşünün baş tutma ehtimalı da hələlik bir qədər şübhəlidir. Hətta bu görüş keçirilsə belə, böyük ehtimalla formal xarakter daşıya bilər".
Nəzrin Demokrat.az


