Gündəm Özəl

Siyasi şərhçi: “Qarabağdan erməni silahlıları hələ də çıxarılmayıb”

Siyasi şərhçi: “Qarabağdan erməni silahlıları hələ də çıxarılmayıb”

“Ermənistanın müxtəlif platformalardan müəyyən gözləntiləri var. Lakin hər dəfə müəyyən platformalarda biz onların gözləntilərini bir kənara qoyuruq və Azərbaycan gündəliyi müzakirə olunur. Brüsseldə görüşün keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan tərəfi diplomatik görüşmələrə qayıtdı. Mənə elə gəlir ki, biz Brüssel görüşünü müzakirə edərkən, Vaşinqton görüşünü də qeyd etməliyik. Çünki Vaşinqtonda A.Blinkenin görüşməsi zamanı maraqlı açıqlamalar verildi. Bildirildi ki, biz Ermənistan-Azərbaycan arasında görüşmələri ikitərəfli şəkildə davam etməsinin tərəfdarıyıq. Yəni, üçüncü tərəfin burada bir rol almağını istəmirik. Burada üçüncü tərəflərdən biri isə Rusiya və Fransadır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Fransanın və digər qüvvələrin bu prosesə müdaxilə etməsi prosesin həllindən daha çox həlsizliyinə aparır:

“Biz ümumilikdə Şarl Mişelin açıqlamasına baxanda görürük ki, həqiqətən onun açıqlaması məsələnin yekun həllinə aparan yoldur. Əlbəttə ki, Azərbaycanın tələbləri var. Bu tələblər beynəlxalq hüquqa imzalanan müqavilələri əks etdirir. Bundan əlavə, Ermənistan tərəfindən 10 noyabrda imzalanan Üçtərəfli Bəyannamənin şərtləri yerinə yetirilməyib. Və Moskvadan tez-tez açıqlama verirlər ki, görüşlər üçtərəfli bəyannamələrə sadiq qalaraq davam etməlidir. Bunu ən çox pozan isə Ermənistan tərəfidir. Qarabağdan erməni silahlıları hələ də çıxarılmayıb”.

Analitik əlavə edib ki, Ermənistan tərəfi anklavlarımızdan da çəkilməlidir:

“Görüşdə diqqətimi çəkən ən vacib məqamlardan biri də Şarl Mişelin “keçmiş dağlıq Qarabağ muxtar vilayəti” ifadəsini istifadə etməsi oldu. İkincisi də dedi ki, Qarabağda yaşayan əhali ilə rəsmi Bakı arasında dialoq davam etməlidir. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti şəffaf bir şəkildə məlumatlandırmalıdır. Yəni, Qarabağı Azərbaycanın bir parçası olduğunu bir daha gördü.

Ermənistanın iddia etdiyi kimi, Azərbaycanla Qarabağda yaşayan ermənilər arasında bu dialoqa hər hansı beynəlxalq platform yerləşdirmir. Qeyd edildi ki, Bakı istədiyi şəkildə beynəlxalq ictimaiyyəti şəffaf şəkildə məlumatlandıra bilər və bu, onun öz daxili işidir. Yəni, beynəlxalq mexanizminə ehtiyac görmürlər. Bu isə Qarabağı Azərbaycan ərazisi olaraq göstərən vacib faktordur”.

Nəzrin Demokrat.az

D
demokrat.az