2013-cü ilədək prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, Ağdaş və Binəqədi rayonlarının prokuroru olmuş Mirələkbər Seyidov yenidən məhkəmə qarşısına çıxarılır.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mirələkbər Seyidov Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Qismət Bəxtiyarova qarşı dələduzluq edib.
Mirələkbər Seyidovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Mirələkbər Seyidovun başqa icraatda olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Bu iş üzrə üzrə zərərçəkmiş şəxslərdən biri əvvəllər Binəqədi rayon Məhkəməsinin sədri olmuş Həsən Əliyevdir.
İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə eyni rayonun hakimi Həsən Əliyevə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək onu rayonlardan birinin məhkəməsinə sədr təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verib. O, bunun üçün sabiq hakimdən 200 min dollar pul alıb.
Bundan başqa, Mirələkbər Seyidov tanışı Tahir Hüseynovun 70 min dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Qeyd olunan əməllərə görə Mirələkbər Seyidov bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, həm sabiq prokuror Mirələkbər Seyidov, həm də zərərçəkmiş sabiq hakim Həsən Əliyev əvvəllər ayrı-ayrı işlər üzrə dələduzluqda təqsirli bilinərək məhkum olunublar.
Binəqədi və Ağdaş rayonunun prokuroru olmuş Mirələkbər Seyidovun işinə 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ona şərti cəza verilib.
Sabiq hakim Həsən Əliyev isə 2014-cü ildə dələduzluq yolu ilə pul ələ keçirmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub.
O, bundan sonra Prezidentin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. Sabiq hakim 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


