Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin həkim pediatrı Emil Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Qalib Paşayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifəli saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
İlkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Emil Şükürovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


