Gündəm Özəl

"Molla rejiminin müxalifətini Rza Pəhləvi təmsil edə bilməz" — Əhməd Obalı

Molla rejiminin müxalifətini Rza Pəhləvi təmsil edə bilməz — Əhməd Obalı

"İranın Münhen Təhlükəsizlik Konfransına dəvət olunmaması çox doğru bir hərəkəti idi, çünki bu təhlükəsizlik konfransıdır".

Demokrat.az xəbər verir ki, bu sözləri GünAzTv-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından biri olan Əhməd Obalı deyib. O, bildirib ki, İran təhlükəsizliyi pozan bir ölkədir və dünya onun yaratdığı problemləri həll etmək istəyir.

"İran bu konfransa dəvət olunmamalı idi. Ancaq burada İrana qarşı basqı olaraq bəzi müxalifləri ora dəvət etmişdilər, o cümlədən keçmiş şahın oğlunu. Rza Pəhləvinin ora dəvət olunması belə görünür ki, ona dəstəkdən daha çox İran dövlətinə basqı kimi ondan istifadə olunur. Bu baxımdan, müsbət işdir və ancaq mən İranda Rza Pəhləvini rəhbərliyinin tərəfdarı deyiləm. Çünki bizim əleyhimizə assimilyasiya prosesini başladan elə bunun sülaləsi olub".

Əhməd Obalının sözlərinə görə, molla rejiminin müxalifətini Rza Pəhləvi təmsil edə bilməz:

"Ümumiyyətlə, Rza Pəhləvi demokratiyanın simvolu ola bilməz. Çünki o şahlıq sülaləsinin tərəfdarıdır. Deməsə də odur və ata-babalarının İranda etdiyi bəzi qeyri-insani, qeyri- demokratik üsullardan özünü ayırmayıb. Qərb onu mübarizəyə qatıb, amma bu, o demək deyil ki, Qərbin ümidləri bu insanla bağlıdır, məhz bu insanı İranın gələcəyi ilə müəyyənləşdirir. Bu son 30 il ərzində dünyada öz gözümüzlə gördüyümüz hadisələr var. Məsələn, İraqda Səddam Hüseyn getdi, onun yerinə gətirələcək insanın adı Əhməd Çələbi idi, ancaq ondan hələ də heç bir xəbər yoxdur. Amma Səddam Hüseyn olan vaxtı bu adamın adını çəkmək lazım idi. Bunların hamısı sübut edir ki, bölgədə gedən proseslərdə Qərb bilir ki, xalqın istəyi çox önəmlidir. Ancaq Qərb İranda müxalifət kim olmasını təyin edə bilməz".

Nəzrin Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova