Kriminal Özəl

Bərdədə kişi oğlunun ad günündə arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Bərdədə kişi oğlunun ad günündə arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Bərdə rayonunda 1984-cü il təvəllüdlü Fərman ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nailəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 6-da baş verib.

Fərman evində keçmiş həyat yoldaşı Nailə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisəsi yaranıb. Mübahisə zamanı Nailənin boğazından tutub, sonra onu itələyərək yerə yıxıb.

Nəticədə Nailənin başı evin taxta döşəməsinə dəyərək xəsarət alıb.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Nailə mənim keçmiş həyat yoldaşımdır. 2009-cu ildə Nailə ilə ailə həyatı qurmuşam. Birgə nigahımızdan 3 övladım var. Əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin sonradan 2012-ci ildə bir rəsmi qaydada məhkəmənin qərarı ilə boşansaq da, 2022-ci ilin mart ayınadək bir yerdə yaşamağa davam etmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin martında Nailə onun evdə olmadığından istifadə edib və 3 azyaşlı uşaqları ilə birgə yaşadığı evdən Bakı şəhərində yaşayan atası evinə gedib: “Sonradan mənə zəng edərək ayrılmaq istədiyini bildirdi. Sonradan bir neçə dəfə gedərək azyaşlı uşaqlarım ilə Bakı şəhərində görüşdüm”.

Fərman bildirib ki, 2022-ci ilin iyulunda Bakı şəhərinə gedədək uşaqlarını yaşadığı Bərdə rayonuna aparıb: “Bundan sonra uşaqlarım mənimlə yaşamağa başladılar. Avqustun 6-da, saat 12 radələrində keçmiş arvadım Nailə tanımadığım bir nəfər taksi ilə evimə gəldi. Həmin vaxt evdə olmamışam. Oğlum Pərviz zəng edərək anası Nailənin evimə gəldiyini bildirdi. Bundan sonra evə gəldim. Evə daxil olduqda Nailənin evə ayaqqabıda daxil olduğunu, əlində tort olduğunu gördüm. Bu zaman Nailədən ayaqqabısını çıxartmasını tələb etdim. Lakin Nailə sözlərimə əhəmiyyət vermədi və kinayəli şəkildə hərəkətlər etməyə başladı”.

Fərman deyib ki, bu zaman Nailənin boğazından tutaraq kənara itələyib: “Nailə yerə yıxıldı. Həmin vaxt Nailənin başı evin döşəməsinə dəydi. Sonra isə yerdən qalxaraq mənə əl-qol atmağa başladı. Həmin vaxt Nailənin qollarından tutaraq kənara itələdim. Yaşadığım evdən çıxardaraq oradan qovaladım. Sonradan Nailə həyətdən getdi. Nailənin boğazından tutaraq kənara itələdim. Nailə yerə yıxıldıqda başı evin taxta döşəməsinə dəydi. Lakin Nailəni yumruq və təpiklə vurmamışam. Əksinə Nailə mənə xəsarət yetirib. Paltarımı cırıb və məni dişləyib”.

Cinayət işi üzrə zərərçəkmiş Nailənin sözlərinə görə, Fərman ilə rəsmi şəkildə boşanma işləri məhkəmənin icraatındadır: “Uşaqlar əvvəllər məndə qalıb. Lakin sonradan Fərman uşaqları məndən aldı. Hadisə baş verən günü oğlum Pərvizin doğum günü olduğu üçün tort alaraq ərimin yaşadığı evə getdim. Həmin vaxt Fərman evdə olmayıb. Lakin təxminən 5-10 dəqiqə sonra Fərman evə gəldi. Mənim hansı səbəbdən onun evinə getdiyimi və hansı səbəbdən evə ayaqqabıda daxil olduğumu soruşdu. Sonra isə almış olduğum tortu əlimdən alaraq döşəməyə atdı. Daha sonra Fərman boğazımdan tutaraq boğmağa çalışdı. Fərmana əl atmaq istəyərkən məni kənara itələdi. Mən yerə yıxıldım. Nəticədə başım evin taxta döşəməsinə dəydi. Sonra yerdən qalxdım və Fərmanla aramızda mübahisə davam etdi. Həmin vaxt Fərman qolumdan tutaraq məni evdən həyətə çıxartdı, evdən qovdu”. Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərmanın arvadını döyməsi sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az