Hatayda dünən axşam saatlarında baş verən iki güclü zəlzələ Yaxın Şərq və Şimali Afrika ölkələrini də silkələyib.
Demokrat.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, zəlzələ Suriya, İordaniya, İraq, Fələstin, İsrail, Livan və Misir də daxil olmaqla 7 ölkədə hiss olunub.
Təkanların ən çox hiss olunduğu ölkə isə Livandır. Zəlzələdən sonra paytaxt Beyrutun bir çox ərazilərində insanlar evlərini tərk edərək küçələrə axışıb.
Xüsusilə, şəhərdə köhnə qəsəbələrinin cəmləşdiyi Tarik el-Cedid və Dahiye məhəllələrində küçələrə axışan insanlar yaxınlıqdakı parklarda toplaşıblar.
Sakinlər təkanlardan narahat olduqlarını və qorxudan uşaqlarını götürərək küçəyə çıxdıqlarını bildiriblər.
Livan mediasının məlumatına görə, zəlzələ Hatay bölgəsinə daha yaxın olan Tripolidə də insanları qorxuya salıb. Bələdiyələr futbol və sərgi meydançalarını açaraq, insanların sığınmasına köməklik ediblər.
Digər bir məlumatda isə Tripoli və Beyrutdan başqa, Akkar, Sayda və Sur şəhərlərindəki vətəndaşların da avtomobilləri ilə yaşayış yerlərini tərk etdikləri deyilir. Bu isə küçələrdə saatlarla tıxacın yaranmasına səbəb olub.
Şəhər rəsmilərinin verdiyi məlumatda hadisə zamanı insan itkisi və dağıntının olmadığı bildirilir.
Livanın təhsil naziri Abbas əl-Halebi zəlzələ səbəbiylə ölkə daxilində bütün məktəb və universitetlərin bir gün müddətinə dayandırıldığını açıqlayıb. 









