Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov bu gün mediada gedən xəbərə münasibət bildirib.
Keçmiş şöbə müdiri Demokrat.az-a açıqlamasında deyib ki, onun torpağın satışından 12 milyon manat əldə etməsi ilə bağlı informasiya tam yalandır:
“İnformasiya yayıblar ki, guya mənim ailəm Binəqədi rayonu ərazisində "Təchizatçı" ASC-yə aid torpaq sahəsini satıb. Həmin əməliyyatdan 12 milyon manat pul əldə edilib. Bildirirəm ki, bu informasiya tam yalandır və ailəmin belə firması və torpağı mövcud deyil”
Xatırladaq ki, "Axar.az" saytında Əli Həsənovun Binəqədi rayonu ərazisində yerləşən torpağın satışından 12 milyon manat əldə etdiyi haqda məlumat dərc olunub.
Bildirilib ki, "Təchizatçı" ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşir. Torpaq sahəsinin təxminən 1.7 hektara yaxın olduğu göstərilib.
O da qeyd olunub ki, ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib. Həsən Demokrat.az


