Kriminal Özəl

Gəncədə evdən gedən qadın əri tərəfindən döyüldü — TƏFƏRRÜAT

Gəncədə evdən gedən qadın əri tərəfindən döyüldü — TƏFƏRRÜAT

Gəncə şəhərində 1987-ci il təvəllüdlü Babək şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Moda kids” geyim mağazasında baş verib.

Babək orada qeyri-rəsmi arvadı Nuranə ilə mübahisə edib. Mübahisə zamanı Nuranənin başından əl zərbələri ilə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nuranə ilə 2018-ci ildə qeyri-rəsmi nikaha daxil olub: “Birgə nikahımızdan bir övladımız olub. Nuranə ilə əvvəllər münasibətlərimiz normal olsa da, sonradan onun bacısı Pərvanə bizimlə birgə yaşadığı üçün aramızda mütəmadi olaraq mübahisələr olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən Nuranə uşaqlarını da götürüb evdən gedib: “Hadisə günü, saat 15 radələrində Nuranənin satıcı işlədiyi “Moda Kids” geyim mağazasına getdim. Həmin günü saat 10 radələrində səhər yeməyində spirtli içki qəbul etdiyim üçün sərxoş vəziyyətdə olmuşdum. Nuranəyə yemək alıb gətirmişdim. Nuranə yeməyi yeməcəyini bildirdikdən sonra ona həmin yeməyi övladlarıma aparmasını xahiş etdim. Daha sonra Nuranəyə evi kirayəyə vermək istədiyimi və cehizlik əşyalarını götürməyini bildirdim. Həmin vaxt Nuranə ünvanıma nalayiq ifadə işlədərək təhqir etdi. Mən də əsəbləşdiyim üçün onun üz nahiyəsinə əl zərbəsi vurdum. Daha sonra Nuranənin bel nahiyəsinə əl və təpik zərbələri vuraraq onu döydün. Sonra mağazanı tərk etdim. Sonradan Nuranənin barəmdə Gəncə şəhər Polis İdarəsinin 1-ci polis şöbəsinə şikayət ərizə ilə müraciət etməyini bildim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nuranə bildirib ki, Babək mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün münasibətləri pozulub. Onun sözlərinə görə, bu səbəbdən də ayrı yaşayırlar. Zərərçəkmiş daha sonra ifadəsində Babəklə olan mübahisədən, Babəkin onu döyməsindən danışıb.

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasının, zərərçəkmiş şəxsin onun barəsində şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Babəkin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az