Kriminal Özəl

Azərbaycanda vəzifəli şəxsdən əsgər yoldaşına qarşı cinayət — TƏFƏRRÜAT

Azərbaycanda vəzifəli şəxsdən əsgər yoldaşına qarşı cinayət — TƏFƏRRÜAT

Yevlax Aviasiya Şirkətində Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Mahir əsgər yoldaşı Zaura qarşı dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mahir 2015- 2020-ci ildək olan müddətdəYevlax Aviasiya Şirkətində Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyərkən əvvəllər tanıdığı Zauru xidmətə mühafizəçi işinə düzəldəcəyinə yalandan vəd verib.

O, 2019-cu ilin dekabrın əvvəllərində, istintaqla müəyyən edilməyən gündə Yevlax rayonunun Yuxarı Qarxun kəndində yerləşən “Ağdam” adlanan kafedə Zaurdan 1500 manat alıb.

İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, vaxtı ilə Zaurla birlikdə hərbi xidmətdə olduğundan onu uzun müddətdir tanıyıb: “Zaurla münasibətim yaxşı olub. Əsgər yoldaşım olduğu üçün ara-ara mobil telefonla danışmışıq. Bir dəfə mobil telefonla danışan zaman Zauru Yevlax rayonuna çay içməyə dəvət etdim. 2019-cu ilin oktyabrın sonlarında, dəqiq yadımda qalmayan gündə Zaur Rövşən adında dostu ilə Yevlax rayonuna gəldi. Yevlax şəhərində yerləşən “Mayak” restoranında oturaraq çay içdik. Zaur Yevlax şəhər Aeroportunda işləməyimi və oranın Təhlükəsizlik Xidmətinin rəisi olduğumu bildi. Zaur heç bir yerdə işləmədiyi üçün ona aeroportda mühafizəçi ştatının boş olduğunu, onu həmin işə düzəldə biləcəyimi dedim. Zaur bununla razılaşdı və işləmək istədiyini dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Zaura işə düzələ bilməsi üçün 1500 manat verməli olduğunu deyib: “Biz razılaşdıq. Həmçinin Zaura bir neçə sənəd toplamasını da söylədim. Bundan bir müddət keçdikdən sonra 2019-cu ilin dekabr ayının əvvəllərində, dəqiq yadımda qalmayan gündə Zaur dostu Rövşənlə birlikdə Yevlax rayonuna gəldi. Biz Yuxarı Qarxun kəndində yerləşən “Ağdam” kafesində görüşdük. Həmin vaxt Zaur mənə işə düzəltmək üçün dediyim 1500 manat pulu və toplamış olduğu sənədləri verdi. Mən də həmin vaxt Zaurun qısa müddət ərzində, ən geci bir ay müddətində işə qəbul olunacağına, 500 manat miqdarında əməkhaqqı alacağına dair söz verdim”.

Mahir deyib ki, lakin Zauru işə düzəltməyib: “Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləsəm də, mənim işçi götürmək kimi bir səlahiyyətim yoxdur. Həmçinin kimisə işə götürməmişəm və işə götürülməsi üçün hər hansı bir şəxslə danışmamışam. Lakin tutmuş olduğum vəzifədən istifadə edərək özümün şəxsi ehtiyaclarım üçün pul lazım olduğuna görə, Zaurdan 1500 manat almışam. Yevlax Aviasiya Şirkətində Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işlədiyim üçün Zaur onun işə düzəldəcəyimə inanıb. Lakin niyyətim Zaurun pulunu ələ keçirtmək olub. Zaurun pulunu aldadaraq ələ keçirən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamışam. Bu barədə heç kimin məlumatı olmayıb”.

Mahir qeyd edib ki, Zaurun pulunu aldıqdan sonra onu işə düzəltmək üçün heç bir cəhd göstərməyib. O, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini bildirib.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Mahir 4200 manat cərimə olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az