“Bu gün Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür və xalqımız onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha dərin ehtiramla xatırlayır və yad edir. Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, dünya siyasətçiləri arasında özünəməxsus rolu olan və sayılıb seçilən, siyasi zirvələr fəth etmiş nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev bir məktəb idi və zamanında iqtidar və ya müxalifətdə olmasından, siyasi baxışlarının nə olmasından asılı olmayaraq çoxları bu məktəbdən bəhrələndi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Politoloq qeyd edib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.
“Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi”.
O qeyd edib ki, Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. “Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Ulu Öndərin keçdiyi ömür yoluna bir daha nəzər saldıqda belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmur. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam etdi. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri inşa edildi, kənd təsərrüfatı, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilməyə başladı”.
“Heydər Əliyev sonrakı dövrdə də, yəni Siyasi Büronun üzvü seçilib SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutduqdan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra da daim Azərbaycanı düşündü. Vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu.
Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi”- deyə politoloq qeyd edib.
“Ulu Öndər Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və Azərbaycan qayıtdı. Qısa vaxt ərzində Bakıda qaldıqdan sonra doğulduğu Naxçıvana getdi və orada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, eləcə də Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olaraq fəaliyyətini davam etdirdi. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində blokada şəraitində yaşayan Naxçıvan əhalisi müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Heydər Əliyev Naxçıvanı həm erməni təcavüzündən, həm də siyasi təlatümlərdən qoruya bildi. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi”.
Aynurə Pənahqızı Demokrat.az


