“Molla rejimi Azərbaycana qarşı təxribatını davam etdirir. Əslində, rejimin bu dəfə Ermənistana yeni silah tədarük etməsi gözlənilməz hadisə deyil. Bilirik ki, Azərbaycan müstəqilliyini qazanan dövrdən bəri İran rejimi Azərbaycana düşmən mövqeyi sərgiləyir və Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistana ciddi dsətək verib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq vurğulayıb ki, İran işğal dövründə də Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi istiqamətlərdə dəstəyini davam etdirib.
“İran rejiminin əsas marağı Azərbaycanın çox zəif bir durumda olmasıdır. Çünki İran inkişaf etmiş, cazibədar bir Azərbaycanı özü üçün təhdid hesab edir. Bu baxımdan İranın Azərbaycana qarşı tutduğu düşmən mövqeyi təəccüblü deyil. Xüsusilə də, 44 günlük savaşdan sonra Azərbaycan Ermənistan üzərində parlaq qələbə qazanıb və bölgədə yeni realllıqlar yaratdı. Öz torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi. Ondan sonrakı dövrdə Azərbaycan aktiv regional siyasət aparması da İranı çox da məmnun edəcək bir proseslər deyildi. O baxımdan İran Güney Qafqazda özünün maraqlarını təmin etmək və Azərbaycanın inkişafının qarşısını almaq üçün müttəffiqlər seçib və bu müttəffiqlər konkret olaraq Ermənistan və o cümlədən Rusiyadır. İran hesab edir ki, Rusiya və Ermənistanla müttəffiqlik edərək həm Azərbaycanı bölgədə sıxışdırmaq imkanı qazanacaq, eyni zamanda qardaş Türkiyənin Güney Qafqazda artan rolunu və təsir imkanlarını neytrallaşdırmağa çalışacaq”.
Politoloqun sözlərinə görə, İran Güney Qafqazda Türkiyənin artan rolunun qarşısını almaq üçün bu cür təxribatalar əl atır. 
Aynurə Demokrat.az


