Gündəm Özəl

“Ölən qalıb bir tərəfdə, hadisəni törədəni “qəhrəmanlaşdırırlar” — SƏRT AÇIQLAMA

“Ölən qalıb bir tərəfdə, hadisəni törədəni “qəhrəmanlaşdırırlar” — SƏRT AÇIQLAMA

Belə bir hadisənin baş verməsinə görə, çox təəssüf hissi keçirirəm. Bu hadisənin səbəbləri aydın olmamış, istintaq işi başa çatdırılmamış, əsl səbəblər üzə çıxmamış kütlə şüuru ilə insanların bu hadisəni qeyri adekvat qiymətləndirməsinə də təəssüf edirəm. Və hətta hadisənin gerçək səbəbini bilmədən tərəf nümayiş etdirənlər də var ki, bu da çox təəssüf hissi yaradır. Çünki özünü “ziyalı, “sənət adamları” sayanlar buna tələsik qiymət verir və tərəf nümayiş etdirirlər. Yəni, ölən qalıb bir tərəfdə, hadisəni törədəni qəhrəmanlaşdırırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Sosioloq bunun çox yanlış yanaşma olduğunu vurğulayıb.

“Birincisi, istintaqın nəticələri bəlli olmalıdır. Ona görə də, hadisənin səbəbini bilmədən nəticələrə qiymət vermək düzgün olmaz. İstintaqın işinə bu şəkildə müdaxilə yolverilməzdir. Digər məqam odur ki, meyxana janrı bütövlükdə cəmiyyətdə çox mənfi, neqativ sosiallaşma institutu formalaşdırır. Meyxana deyənlərin həyat tərzinə, bədən dillərinə baxsaq və onların təsir etdiyi auditoriyanı görsək, görərik ki, bu çox mənfi sosiallaşma vasitələrindən biridir. Həmçinin, buna janr demək mümkündürsə, meyxana öz ardınca gənclərin böyük kəsimini aparır. O gənclər ki, elm, təhsil və daha müttərəqi fəaliyyətləri ilə özlərini təsdiq edə bilərlər. Əfsuslar olsun ki, həmin gənclər meyxana deyənləri özlərinə qəhrəman, kumir seçirlər. Meyxana janrı çox əsəbi janrdır. Ümumiyyətlə, meyxana deyənlərin jestikulyasiyası, bədən dili ifadələri, ritorikası çox əsəbidir. Gənclərə aqressiyanı, bir-birinə stiqmalı yanaşmanı, bir-birini aşağılamağı, alçatmağı təlqin edir. Təəssüf ki, belə insanları da gənclər özünə kumir kimi görür. Meyxanaçıların bir qisminin həyat tərzi qeyri- sağlamdır və buna daha çox meyilləniblər. Bəziləri əsaslandırmağa çalışır ki, Rəşad bu hadisəni təhqir edildiyinə görə törədib, ona dəstək nümayiş etdirirlər. Bu, çox qeyri-sağlam yanaşmadır. Hadisəni belə qiymətləndirmək düzgün deyil, söhbət insan taleyindən gedir. Həm də bundan sonra ömrünü həbsdə yaşayacaq digər bir insan da var. Ona görə də, xahiş edirəm ki, insanlar qiymət verməyə tələsməsinlər”.

Sosioloq qeyd edib ki, kütləvi informasiya vasitələri də bu məsələdə həssas olmalıdır:

“Meyxananın geniş areal qazanması hesab edirəm kİ, düzgün deyil. Televiziya da bu məsələdə həssas olmalıdır. Bəzi telekanallarda bu hadisələrə yer verilir. Hadisəni törədəni az qala qəhrəmanlaşdırılması istiqamətini seçirlər. Meyxananı bu şəkildə populyarlaşdırmaq, qabartmaq, gündəm vermək məqsədəuyğun deyil. Meyxananın kütləvi informasiya vasitələrində belə sərgilənməsinə, qətli törədənin belə qəhrəmanlaşdırılması mıqsədəuyğun deyildir. . Bu gənclər və yeniyetmələr üçün pis örnəklər yaradır. Yaxşı olardı ki, istedadlı gənclərimizlə, uğur hekayələri olan gənclərimizlə bağlı, intelektual verilişlərə daha çox yer ayrılsın”.

Aynurə Demokrat.az

D
demokrat.az