“10 noyabr Bəyannaməsindən sonra Moskvada, Soçidə üçtərəfli görüşlər keçirildi. Həmin ərəfədə Avropa Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Avropa Birliyi tərəfindən üçtərəfli görüşlərin keçirilməsinə başlanılmalı idi. Biz hər dəfə gördük ki, bu cür görüşlərin ya əvvəlində, ya da sonunda Rusiyanın narahatçılığı hiss olunmağa başlayır və hər dəfə də Rusiya bu prosesin özünün iştirakı olmadan keçirilməsində narahatçılıq ifadə edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Partiya sədri əlavə edib ki, Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən Rusiyanın narahatçılığı var.
“Bu narahatçılığı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ifadə etmişdi. İndiki dönəmdə də birmənalı şəkildə Rusiya Cənubi Qafqazda özünün varlığını hər an hiss etdirmək istəyir. Bu prosesdə vasitəçi olaraq digərlərinin moderatorluğunu bir o qədər də qəbul etmir. Müəyyən anlaşmaya gələcəksə, sülh sazişi imzalanacaqsa, bunun özünün vasitəçiliyi ilə olunmasını hədəfləyir. Çünki Rusiyanın xüsusilə keçmiş postsovet məkanında ciddi maraqları var. Ermənistanda olan maraqları müqabilində bütövlükdə sülh prosesinin, tərəflər arasında münasibətlərin normalaşmasında əsas moderatorluğunu heç kəsə vermək istəmir. Bu görüşdə ayın axırında reallaşdırılacaq. Nə dərəcədə uğurlu olacaq, prosesləri qabağa aparacaq bunu sona qədər proqnozlaşdırmaq doğru olmazdı. Amma istənilən halda görünən ondan ibarətdir ki, Rusiya vasitəçilik məsələsində yalnız özünün moderatorluğunu istəyir”.
Aynurə Demokrat.az


