Gündəm Özəl

"Bu, Türkiyə-Azərbaycan birliyinin əbədi olmasına bir işarədir” —Ziyafət Əsgərov

Bu, Türkiyə-Azərbaycan birliyinin əbədi olmasına bir işarədir” —Ziyafət Əsgərov

“Zəngilan Hava Limanının açılışı ölkəmiz üçün çox mühümdür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Z. Əsgərov qeyd edib ki, Zəngilan Hava Limanının açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi Türkiyə və Azərbaycan dostluğunun, qardaşlığının bariz nümunələrindən biridir.

“Simvolikdir ki, bu hava limanın açılışı məhz oktyabr ayının 20-nə təsadüf etdi. Bilirsiniz ki, düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunu işğaldan azad edib. Belə bir xoş gündə dost, qardaş Türkiyə Cümhuriyyətinin cümhur başkanının Azərbaycanda Möhtərəm Prezidentimizlə, xalqımızla bir yerdə olması, doğurdan da, qürurvericidir. Bilirsiniz ki, həmin vaxt Zəngilanda “Dost Aqropark”ın açılışında hər iki dövlət başçısı iştirak etdi. Təbii ki, bu da Türkiyə-Azərbaycan birliyinin əbədi olmasına bir işarədir. Bu, həm də o, deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur bundan sonra Türkiyə ilə bir yerdə qurulacaqdır. Artıq Qarabağ döyüş meydanı deyil, Qarabağ quruculuq, tikinti meydanıdır, yaratma meydanıdır. Belə bir gündə Ərdoğanın Qarabağa səfər etməsi, Azərbaycanla bir yerdə olması bütün dünyaya bir daha mesaj verdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır. Bununla yanaşı, biz dünyaya bir başqa bir mesaj da verdik ki, biz torpaqlarımıza əbədi qayıdırıq. Qarabağ, Şərqi Zəngəzur, ümumiyyətlə, Zəngəzur Azərbaycanın qədim torpağıdır və burada artıq bundan sonra bərpa-quruculuq işləri görüləcək. Hər kəs burada öz payını götürməlidir, istər Ermənistan, istər ona havadar olanlar və digərləri. Qeyd edim ki, Cənab İlham Əliyevin Zəngilanın Ağalı kəndini bir daha ziyarət etməsi, orada məktəblilərlə görüşməsi və onlarla olan səmimi söhbəti, eyni zamanda kənd camaatı görüşməsi bir daha onu sübut edir ki, Cənab Prezident bu insanlara və həmin bölgəyə daim qayğı ilə yanaşıb, bundan sonra da qayğı ilə yanaşacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az