Gündəm Özəl

"Sülh müqaviləsinin imzalanması gələn ilə də qala bilər” — TƏHLİL

Sülh müqaviləsinin imzalanması gələn ilə də qala bilər” — TƏHLİL

“Əslində Ermənistanla sülh müqaviləsi 2020-ci ildə 44 günlük müharibə dayandırılandan sonra imzalanmalı idi. Onda Ermənistanın məğlubiyyəti bu sülh müqaviləsinin ruhunda əks olunardı. Amma indi üstündən iki ildən artıq vaxt keçib və Ermənistan toparlanmaqda və yaralarını az da olsa sarımaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Analitikin sözlərinə görə, ötən iki il ərzində özünə beynəlxalq aləmdə müttəfiqlər də tapmağa nail olub.

“Onlarla birlikdə ölkəmizə qarşı müəyyən antitəbliğat aparmağa da imkan qazanıb. Bununla belə sülh müqaviləsinin imzalanması tərəflərin heç birinin gündəmindən çıxmayıb. Çünki mübahisəli məsələlər, anlaşılmazlıq sahəsi və gələcək münasibətlər sistemində qaranlıq məqamlar kifayət qədər çoxdur. Əgər sülh müqaviləsi imzalanmasa və yaxud formal olaraq imzalanarsa, bu regionda sülhün və təhlükəsizliyin yaranmasına qarant verməyəcək. İndiki halda Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı görünmür və ya onu formal, qeyri-ciddi bir sənəd kimi qəbul etməkdədir. Təbii ki, bu işdə ona müttəfiqləri çox böyük dəstək verirlər. Xüsusilə, regiondan sıxışdırılmış Qərb ölkələri və ABŞ bu sülh müqaviləsinin ortaya çıxmasında və ya bitkin sənəd kimi imzalanmasında maraqlı deyil. Çünki onlar regionda öz maraqlarını ifadə etməkdə acizdirlər. Ona görə də, Ermənistan kartından və Azərbaycanla Ermənistan arasında olan münaqişədən istifadə edərək geosiyasi maraqlarını təmin etmək arzusundadırlar”.

“Amma Rusiya Cənubi Qafqazdakı mövcud status-kvonun saxlanılmasını istəyir və tezliklə də indiki situasiyanı təmin edə biləcək sənədin imzalanmasına təkid edir. Göründüyü kimi, sülh müqaviləsi onu istəyənlərlə inkar edənlərin arasında ləngiməkdədir. Təbii ki, onun ortaya çıxmasının intensivliyi Rusiya ilə NATO arasında Ukraynada olan qarşıdurmanın inkişaf tendensiyasından da asılı ola bilər. Hər halda indi bununla bağlı dəqiq qərar vermək mümkün deyil, ola bilsin ki, bu müqavilənin imzalanması gələn ilə də qala bilər”, - deyə M.Rəhimli qeyd edib.

Aynurə Demmokrat.az

D
demokrat.az