Gündəm Özəl

“Dərmanların ölkəyə gətirilməsində problem yoxdur” — Komitə sədri

“Dərmanların ölkəyə gətirilməsində problem yoxdur” — Komitə sədri

“Ölkəmizə dərmanlar təkcə Rusiyadan deyil, dünyanın hər yerindən gəlir. Rusiya ilə Azərbaycan arasında hər hansı bir idxal-ixrac məhdudiyyəti yoxdur. Düzü, apteklərdə ola bilər ki, dərmanlar qurtarır və bəzi dərmanlar ölkəyə gec gəlib çatır. Bununla bağlı müəyyən problemlər ola bilər. Amma, ölkədə dərman çatışmazlığı Ukrayna-Rusiya müharibəsi ilə bağlı, nə də pandemiya ilə bağlı məsələ deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat əlavə edib ki, ticari əlaqələrimizdə heç bir ləngimələr, axsamalar yoxdur:

“Həmçinin, dərmanların ölkəyə gətirilməsi ilə bağlı da problemlər yoxdur. Dərmanların çoxunun alternativləri var. Yəni, bir dərman olmayacaqsa, o birilərindən istifadə etmək mümkündür. Əsas odur ki, bu kimyəvi tərkib satış markası adı altında ölkədə olsun. Amma, məndə o məlumat yoxdur ki, ölkəmizdə hansısa dərmanlar yoxdur və ya Rusiyadan gələn dərmanlara hər hansı məhddiyyət qoyulub”.

Millət vəkili dərmanlardakı süni qiymət artımı da toxunub:

“Dərmanların süni şəkildə qaldırılması qanunsuzluqdur. Azərbaycanda dərman vasitələrinin hamısının qiyməti tənzimlənir

Tarif Şurası da qiymətləri nə vaxt tənzimləyirsə, qiymət dəyişikliyi varsa, onu rəsmi elan edir, saytında da yerləşdirir, mətbuatda da o dərc olunur. Belə bir hallar varsa, bu qanunun ciddi şəkildə pozulmasıdır və müvafiq qurumlar da bunu araşdırıb tədbir görməlidirlər”.

Aynurə Pənahqızı

D
demokrat.az