"İrandakı iğtişaşları amansızcasına yatırdacaqlar. Çünki İran rejiminin getməsinə hələ ki, ABŞ dərin dövləti razı deyil".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. Analitik əlavə edib ki, çünki zahiri düşmənçilik obrazı yaradaraq öz maraqlarını həyata keçirir:
"Səudiyyə Ərəbistanı kimi radikal süni İslam dövlətinin rəqibi olaraq İslam aləmində balansı qorumaq üçün radikal və məzhəbçi şiə dövlətinin olması Amerika üçün vacibdir. Zatən indiki İran rejiminin yaranması da ABŞ və Qərb dairələrinin maraqları daxilində qurulub. Əgər indiki rejimi aradan aparmaq Amerikanın marağında olsa etirazlara ciddi dəstək verərdi və etirazların idarə olunaraq hakimiyyət dəyişiminin reallaşması üçün etirazçıların lidersizlik probleminin həllinə çalışardı. Görünən odur ki, ABŞ bu işdə maraqlı deyil. Çünki İranın üzdə ABŞ və İsrailə qıcanması, sözdə hədələməsi sərf edir ki, ABŞ və İsrail bu "təhlükədən" qorunmaq üçün öz maraqlarını həyata keçirsin. Ona görə İranda belə bir qəddar rejimin olması ona lazımdır. Ona görə də iğtişaşlar bir neçə gün də davam edəcək və sonra rejim daha qəddar qərarlar çıxaracaq, edamlar baş verəcək".

T.İrfan əlavə edib ki, üzdə olan fəalları aradan götürəcək, heç bir yumşalma da olmayacaq:
"Çünki prezident Rəisi prokurorluq və məhkəmə sistemindən gəlmiş mühafizəkar və sərt xarakterli, barışmaz siyasət yürüdən şəxsdir. Həsən Ruhaninin yumşalmalara meylli olmasının əksinə olaraq o radikal qanunların tərəfdarıdır. Dini siyasətə alət etməyin fəsadları İran rejimini rahat buraxmayacaq. Ölkədə sosial problemlərinin artması, İranın bu problemi həll etmək əvəzinə imperiya eşqinə düşərək gedib Yəmən xalqını qırması, Suriya və İraqda ağalıq sevdasına düşməsi, qonşu Azərbaycana qarşı sərsəm iddialarla çıxış etməsi İran xalqının canını boğaza yığıb. Sosial sıxıntılar bir tərəfdən, mənəvi işgəncələr də digər tərəfdən insanları sıxır. Bu dəfə təkcə İran türkləri deyil, farslar, kürdlər, ərəblər də qalxıb. İslam dinini təhrif edərək öz siyasi maraqlarına alət edən rejim xalqını din adı altında zülmə məhkum edib. Dində məcburiyyət olmamalıdır. Lakin orada qadınların azadlığı əlindən alınıb və zorla qara çadralara bürünmək əmr edilir. Bu kimi əmrlər İslam dini adı ilə edildiyinə görə bezmiş insanlar İranın siyasətinə nifrət edərkən dinə qarşı da ikrah edirlər".
"Bir sözlə İran rejimi İslam adı altında gizlənərək törətdiyi bütün zülmləri dinin adına yazır. Bu da İslamın hörmətdən düşməsinə gətirib çıxarır. Ölkəmizdə olan İran aşiqləri də İmam, peyğəmbər adı altında gizlənərək dolayı yolla fars rejiminə köləlik edirlər. Onlar İranda öldürülənlərdən danışa bilməzlər. Çünki bu kütləni İran mollaları qula, köləyə çevirib. Din adı altında istismar ediblər. Onlar İrandakı müctəhidləri öz tanrıları hesab edirlər. Əksinə onlar İranın haqlı olduğunu, guya xalq etirazını xəyali düşmən olan İsrailin, Amerikanın törətdiyini deyərək avam təbəqənin başını yozmağa çalışırlar. Uşağı xoxanla qorxutmaq necə effekt verirsə, İran da öz xalqını İsraillə, Amerika ilə qorxudur və istismar edir. Sabah İsraillə barışsalar belə yenə də bir düşmən tapacaqlar və onun xəyali obrazı qarşısında xalqı istismar edəcəklər. Ölkəmizdəki İran şəbəkəsi çox təhlükəli və kök atmış şəbəkədir. Hətta məscidlərə, idarələrə qədər gedib çıxıblar. Radikal qolları var ki, bir çoxu həbsdədir. Xurafatçı qolları var ki, şəhid dəfnlərində, aşura mərasimlərində ortaya daha fəal olaraq çıxışlar. Siyasi qolları var ki, din xadimi, ruhani şəklində meydana çıxışlar. İlqar İbrahimoğlu, Şahin Həsənli kimi fiqurlar İranın siyasi qolunun ölkəmizdəki din donu geymiş təqiyyəçi qollarıdır. Siyasilərə təsir etmək üçün yetişdirdikləri şəbəkə var ki, müxtəlif peşə və ixtisas sahibləri kimi onların vasitəsi ilə müəyyən təsirlərə nail olmağa cəhdlər edirlər. Və bir də bu tələyə düşənlər var. Bunlar savadsız və sadəlövh adamlardır. Onlar islama meyl ediblər və İranın adamlarının təsirinə rast gəlib onu qəbul ediblər. Elə biliblər ki, ən doğru İslam İranın dediyi islamdır. Ona görə də bu təbəqə əsla İrandakı məzlum xalqın yanında ola bilməz".
"Dövlət orqanlarımız o şəbəkələrin hamısını dağıtmalı və milli təfəkkürdə olan insanların din məsələsinə qarışmasına izn verilməlidir. İran təsirində olanlar ancaq ziyan vura bilər dövlətimizə. Çünki İran rejiminin siyasəti açıq - aşkar Azərbaycan Respublikasının dövlət siyasətinin əleyhinədir, ermənilərin tərəfindədir. Ona görə də onların yolu İmam yolu ola bilməz. Olsa-olsa Yezid yolu ola bilər. Bunu da İrançı təbəqəyə başa salan milli ilahiyyatçılar lazımdır", - siyasi şərhçi bildirib.
Aynurə Pənahqızı Demokrat.az


