“Azərbaycan regionda sayılıb seçilən və dünyada böyük rəğbət, hörmət qazanan ölkələrdəndir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Nensi Pelosinin Ermənistana səfərinə şərh edərkən deyib. Millət vəkilinin sözlərinə görə, bugün Azərbaycan postsovet məkanında iqtisadi qüdrətinə görə ön sıralardadır:
“Bugünkü Azərbaycan 30 il bundan qabaqkı Azərbaycan deyil! Bütün dünya bizim haqq tərəfimizi tanıyır və dəstəkləyir. Amma, çox təəssüf ki, dünya ikili və ya üçlü standartlıdır. Biz bunun hamısını başa düşürük. Bilirsiniz ki, bu yaxınlarda Nensi Pelosi Ermənistana gəldi və orada onu 3 nəfər müşayiət edirdi. Təbii ki, onlar açıq-saçıq erməni köklü konqresin nümayəndələri idi. Ümumiyyətlə, Nensi Pelosinin guya genosidlə bağlı ürəkdən ağlamağı məni xeyli təəccübləndirdi. Mənə elə gəlir ki, o, heç dədəsinin qəbrinin üstündə belə ağlamayıb”.
Millət vəkili qeyd edib ki, bütün baş verənlər erməni oyunlarının nəticəsidir:

“Çox təəssüf ki, vaxtilə Qarabağda ermənilərin törətdiyi vəhşilikləri görməyən ermənipərəst, etnik erməni olan, yaxud da ermənilərlə çox dost olan, bir qabdan su içən konqres nümayəndələri o vaxtdı da Azərbaycan həqiqətləri barədə heç bir fikir bildirməmişdilər. Bu gün də həmin siyasəti davam etdirirlər. Qeyd edim ki, UNESCO-nun özündə də qəribə bir siyasət var. UNESCO da birdən-birə çox maraq göstərdi ki, guya Qarabağda ermənilərin tarixi abidələrini azərbaycanlılar məhv edə bilərlər. Halbuki, biz 30 il müraciət edəndə, “Gəlin, görün. Onlar neynirlər?” deyəndə UNESCO-nun nümayəndələri heç maraqlanmırdılar. Təbii ki, bütün bunlar ermənilərin oyunlarının nəticəsidir. Onlar istəyirlər ki, imkan qədər ara bulasınlar və bütün fikir bunlara gəlsin. Yenə ağlaşmalara başlasınlar: “Acımızdan ölürük, qırılırıq, vəziyyətimiz ağırdır”. Bu, onlar da ənənədir. On illərdir bu formada onlar əllərini uzad-uzada, yetim kimi özünü apara-apara vəsait xahiş edirlər. Burada da əsas məqam budur. Sonda da qeyd edim ki, hər dəfə istər ABŞ-da, istər Fransada, istər Portuqaliyada, istərsə də Yunanıstanda seçki qabağı bunların canına belə bir xəstəlik düşür və gəlirlər Ermənistana, sırf orada görüşlər keçirirlər bir yerdə, həmin abidələrdə ağlaşma qururlar. Təbiidir ki, əsas hədəf də seçki qabağı səsləri və vəsaitləri yığmaqdır”.
Aynurə Pənahqızı Demokrat.az


