Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək.
Məsələyə münasibət bildirən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Demokrat.az-a açıqlamasında bu qərarın düzgün qərar olduğunu bildirib. Partiya sədri hesab edir ki, bu qərar bütün orta məktəblərdə tətbiq olunmalıdır.
“Gizlətməyə ehtiyac yoxdur ki, rus dilində təhsil alan bəzi həmvətənlərimiz Azərbaycan dilini demək olar ki, bilmirlər. Hətta, Azərbaycan dilində normal cümlə də qura bilmirlər. Ölkəmizdə kifayət qədər vəzifəlilərin bu cür vəziyyətdə olduğunun şahidiyik. Ona görə də, Azərbaycanda həm rus dilli məktəblərdə, həm də tədrisi digər dillərdə təşkil olunan məktəblərdə bu cür addımlar atılmalıdır. Təklif edirəm ki, Azərbaycan tarixi ilə yanaşı Azərbaycan ədəbiyyatı da dövlət dilində tədris olunsun. Həmin gənclərimiz Azərbaycan tarixinə və Azərbaycan ədəbiyyatına bələd olmalıdırlar. Çünki Azərbaycana sevgi bu iki fəndən keçir. Bu iki fənni bilmədən xalqa bağlı olmaq qeyri-mümkündür. Amma, niyə 20 məktəbdə? Burada nə nəticə ola bilər ki, sonradan bu məsələni davam etdirib-etdirməmək məsələsi müzakirə olunsun. Yəni, narahatçılıq var ki, bu uğursuzluqla nəticələnə bilər? Düşünürəm ki, heç bir pilot məktəblər seçməyə ehtiyac yox idi. Bu qərar bütün məktəblərdə tətbiq olunmalı idi. Həmin məktəblərdə oxuyanlar da Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatını öz dilimizdə keçsinlər! Azərbaycana sevgi bundan keçir. Ona görə də, fikrimcə heç bir pilot layihəyə ehtiyac yoxdur! Bütün xarici dilli məktəblərdə bu tətbiq olunmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


