“44 günlük müharibənin məntiqi və arzu olunan, eləcə də hərbçilərimizin və ictimaiyyətin istədiyi sonluğa çatdırılmaması zaman-zaman Ermənistanla cəbhədə döyüşlərin meydana çıxmasına səbəb olur. Çünki Ermənistan tərəfi cəbhədə məğlub olduğunu nə psixoloji olaraq, nə də rəsmi şəkildə qəbul etməyib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Analitikin sözlərinə görə, müharibənin yarımçıq saxlanılması düşmən tərəfin ruhlanmasına səbəb olub:
“İndi o, beynəlxalq güclərin arasında manevr etməklə regionda özünün təsiredici mövqeyini saxlamağa çalışır. Həm Rusiyanı, həm də Qərbi inandırmaq istəyir ki, indiki status-kvonun saxlanılması həmin ölkələrin regiondakı maraqlarının təmin olunmasına xidmət edir. Buna görə də onlara güvənərək atəşkəsin pozulmasına və təxribatların törədilməsinə əl atır. Şübhəsiz ki, bu əməlləri Ermənistanın ciddi şəkildə cəzalandırılmasını tələb edir. Son döyüşlər və bir günün içində 50 şəhid verməyimiz tələb edir ki, Qarabağdakı əməliyyatlar sona çatdırılmalı və işğal altındakı ərazilərimiz də azad edilməlidir. Xankəndi, Xocalı və s. kimi şəhər və rayonlarımızın ermənilərin nəzarətində qaldığı müddətdə vaxtaşırı olaraq bu cür hadisələr törədəcəklər. Ona görə də, sonuncu təxribatlara cavab olaraq Azərbaycan tərəfi 2020-ci ili noyabrın 10-da saxlanılan döyüş əməliyyatlarını sona çatdırmalı idi”.
Aynurə Pənahqızı Demokrat.az


