Kriminal Özəl

Sumqayıtda 35 yaşlı kişi küçədə qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda 35 yaşlı kişi küçədə qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Etiran şəxsi münasibətlər zəminində qardaşı Nazimə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

İstintaq orqanı tərəfindən Etiranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etiran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, məlum hadisə günü saat 21.30-da yaşadıqları küçədə qardaşı Namizlə aralarında söz mübahisəsi yaranıb: “Qardaşım həmin zaman mənimlə kobud rəftar etdi. Mən də buna çox əsəbiləşdim.Qardaşıma mənimlə kobud rəftar etdiyini bildirdim. Qardaşım isə bundan sonra söyüş söyməyə başladı. Qardaşım həmin hərəkətindən sonra əsəblərimi cilovlaya bilmədim, ona xəsarət yetirdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazimin sözlərinə görə, yaşadıqları küçədə qardaşı Etiranla aralarında şəxsi zəmində söz mübahisəsi düşüb: “Bu zaman qardaşım mənə məxsus “KAMAZ” markalı maşının radiatorunun naqillərini kəsdi. Etirandan bunu nəyə görə etdiyini soruşdum. Etiran gözlənilmədən üzərimə gələrək sol göz və sağ qabırğa nahiyyəmə yumruqla vurdu. Bundan sonra isə Etiran oranı tərk edərək getdi. Evə daxil olan zaman həyat yoldaşım gözlərimin göyərmiş vəziyyətdə olduğunu gördü və 102 xidmətinə zəng vuraraq xəbər verdi”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda qardaşı ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Sumqayıt şəhər Məhkəməsi hökm çıxaran zaman qardaşların barışmasını nəzərə alıb.

Məhkəmənin hökmü ilə Etiranın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az