Gündəm

Azərbaycan Ukraynada həbsdə olan Misir Qasımlıya hüquqi yardım göstərəcək

Azərbaycan Ukraynada həbsdə olan Misir Qasımlıya hüquqi yardım göstərəcək

Milli Məclisin sədr müavini Adil Əliyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov və "Mirzayev&Partners Law Firm" hüquq şirkətinin direktoru, vəkil Şaiq Mirzəyev Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlının hüquqlarının müdafiə olunması istiqamətində fəaliyyətə başlayıb.

Bu barədə e-huquq.az-a Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov məlumat verib.

O bildirib ki, artıq Şaiq Mirzəyevin Misir Qasımlının hüquqlarının müdafiəsi üçün vəkil kimi prosesə qoşulması ilə bağlı müzakirələrə başlanılıb.

"Məsələ ilə bağlı bütün aidiyyəti instansiyalara müraciət etmişik. Həmyerlimizin hüquqlarının müdafiəsi üçün əlimizdən gələn dəstəyi göstərəcəyik", - deyə Elmar Məmmədov qeyd edib.

Qeyd edək ki, Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

Ötən ay onların işinə Kiyev vilayətinin Obuxov rayon məhkəməsində baxılıb. Məhkəmə iclasının yekununda prokuror Rinat Kuzmenko təqsirləndirilən şəxslərin ittiham edildikləri maddələri (xuliqanlıq, adam oğurluğu, qanunsuz silah gəzdirmə maddələri) elan edərək saxlanılanlara 8 ildən 15 ilə qədər iş istəyib.

Avqustun 9-da isə Kiyev Apellyasiya Məhkəməsində iş üzrə vəkillərin verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib. İlkin instansiya məhkəmələrində baş verən özbaşnalıqlar barədə hakimlərə məlumat verilib.

M.Qasımlı daha əvvəl mətbuata açıqlamasında milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərləndiyini və Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. Onun yaxınları iddia edir ki, bu işin gedişinə ermənilər müdaxilə etdiyindən məhkəmə prosesi 1 ildir uzanır. Müharibə zamanı M. Qasımlının çəkdiyi videoların ermənilər tərəfindən qıcıqla qarşılandığını deyirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət ünvanlayıb və və adıçəkilən vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib.

Demokrat.az

D
demokrat.az