Son günlər Azərbaycana əleyhinə, həmçinin Azərbaycan cəmiyyətini silkələyən proseslər baş verməkdədir. Belə ki, Londondakı səfirliyə hücumun edilməsi, ardınca deputat Sevinc Fətəliyeva ilə bağlı ("Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığımdan 2-3 gün evə getməyib oteldə qalıram") yazı qalmaqalıdır. Bunlar səngiməmiş isə ölkə gündəminə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iş yerində intim görüntüləri yayılması ilə bağlı növbəti "bomba" atıldı. Artıq günlərdir ki, hamı bu görüntülərdən danışır. Maraqlıdır, bütün bu proseslər xarici qüvvələr tərəfindən idarə olunur? Vətəndaşların fikirləri niyə Qarabağda “Qisas” antiterror əməliyyatından sonra bu istiqamətlərə yönəldildi?
Məsələyə münasibət bildirən siyasi şərhçi Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, əslində baş verən olayların diqqəti yayındırmaq üçün atıldığı şübhə doğurmur. Onun sözlərinə görə, hadisələrin eyni vahid mərkəzdən idarə edilməsini söyləmək çətindir:
“Son 10 gündə, xüsusilə Azərbaycan Ordusunun “Qisas” adlı antiterror əməliyyatından sonra cəmiyyətdə müxtəlif tipli yayılan məlumatlar müəyyən qədər diqqəti əsas məsələlərdən yayındırmağa cəhd kimi qiymətləndirilə bilər. Ancaq təbii ki, Azərbaycan cəmiyyəti özü böyük ölçüdə diqqətini əsas məsələsinə - Qarabağ məsələsinə, azad olunmuş torpaqların bərpasına və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətinə yönəldir. Qeyd etdiyimiz hadisənin eyni mərkəzdən idarə olunmasını söyləmək çətin məsələdir. Çünki bu məsələ ilə bağlı araşdırmalar tam öz məntiqi sonluğuna çatmayıb. Hadisələrin tam dərinini biz bilmirik. Ona görə də, onların hamısının eyni mərkəzdən idarə olunduğunu söyləmək doğru olmaz. Amma nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı hər zaman bir psixoloji, ideoloji və informasiya savaşı aparılır. Xüsusilə bu, 44 günlük savaşdan sonra öz aktuallığını daha da artırıb. Çünki savaşdan məğlub olan Ermənistan Azərbaycana qarşı savaş meydanında əldə edə bilmədiyi uğurları informasiya, təbliğat, psixolojik savaş müstəvisində qazanmaq istəyir. Ona görə də, bu istiqamətdə aktiv fəaliyyət göstərilir. Azərbaycan media məkanlarına bəzən dezinformasiyalar, yaxud feyk məlumatlar ötürülür və bununla da, cəmiyyətə müəyyən qədər təsir edilməyə çalışılır”.
Onun sözlərinə görə, Londonda Azərbaycan səfirliyinə qarşı edilən basqın əslində terror hərəkəti idi:
“Azərbaycan hökuməti də haqlı olaraq Britaniya hökumətinə bu məsələlərlə bağlı dəqiq və ciddi araşdırmalar aparılmasını tələb edib. Onun nəticələri ilə bağlı məlumatlanmasını istəyib. Digər iki məsələyə gəldikdə isə, əlbəttə ki, cəmiyyətdə hansısa qüvvələr istisna deyil ki, onlar bu tipli məsələlərdən istifadə edərək cəmiyyətin diqqətini əsas problemlərdən yayınmağa çalışsınlar. Bu tipli məsələlər düşünmürəm ki, Azərbaycan cəmiyyəti böyük ölçüdə öz hədəflərindən, yaxud da əsas məsələlərdən diqqətini yayındıra bilsin. Buna nail olmaq imkanları yoxdur. Amma, eyni zamanda dövlət qurumlarında, bu həm seçki orqanları olsun, həm icra orqanları olsun, orada çalışan məsul şəxslər, xüsusilə də, seçilmiş şəxslər öz davranışlarına, hərəkətlərinə, ifadələrinə, sözlərinə diqqət etməlidirlər ki, sonradan bu cür acınacaqlı, anlaşılmaz durumda qalmasınlar. Yəni, vacib olan məsələ budur. Xüsusilə də, dövlət qurumlarında çalışan şəxslər peşə etikasına, vəzifə etikasına əməl etməlidirlər və onların davranışı nümunəvi davranış olmalıdır. Əlbəttə ki, bu məsələlər fərdi qaydadır, bu çox müstəsna hallar kimi qiymətləndirilə bilər. Bunlar nadir hadisələrdir. Bu tipli hadisələrlə bizim cəmiyyətimizin diqqətini əsas hədəflərindən problemlərdən yayındıra bilməz,o cümlədən bizim Qarabağın və işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı”. Aynurə Pənahqızı Demokrat.az


