Gündəm Özəl

“Rusiya Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər hissəsində öz sərhədçilərini yerləşdirmək istəyir” — ŞƏRH

“Rusiya Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər hissəsində öz sərhədçilərini yerləşdirmək istəyir” — ŞƏRH

44 günlük müharibədəki ağır məğlubiyyətin nəticələrindən dərs almayan və adekvat siyasət yürütməyən Ermənistanın son günlərdə sərhəddə təxribatları artırması və bu fonda nədən məhz Kəlbəcərin hədəf seçilməsi şübhəsiz ki, olduqca ciddi suallar doğurur. Məsələyə sadəcə spontan sərhəd insidentləri kimi yanaşmaq olmaz. Çünki burada söhbət sərhəddə sabitliyi məqsədyönlü şəkildə pozmaq və daimi gərginlik vəziyyəti yaratmaq cəhdlərindən gedir. Bəs, biz Kəlbəcər istiqamətində müşahidə olunan bu daimi gərginliyin arxasında Rusiyanın dayandığını söyləyə bilərikmi, yoxsa, burda digər amillər də var?

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, məsələ burasındadır ki, gərginliyin arxasında hansı ölkənin və ya hansı geosiyasi güclərin dayanmasından asılı olmayaraq əsas hədəf nöqtəsi kimi Laçın, Ağdam və ya Qubadlı yox, məhz Kəlbəcəri seçiblər. Bu da bir sıra amillərlə bağlıdır.

“Birincisi, Kəlbəcərin Ermənistanla nə az nə çox, düz 130 kilometrlik uzun bir sərhəd xətti var. Bu da istər-istəməz ilk növbədə məhz Kəlbəcəri hədəf mərkəzinə gətirir. Belə böyük miqyaslı sərhəd xəttinin mövcudluğu Kəlbəcərin həm hərbi-siyasi, həm də geoiqtisadi əhəmiyyətini artırır. Məhz bu amili nəzərə alaraq Rusiya istəyir ki, Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər hissəsində öz sərhədçilərini yerləşdirsin. Çünki Kəlbəcər istiqaməti Rusiya üçün öz gələcək planlarını həyata keçirmək baxımından olduqca ciddi strateji önəm daşıyır”.

Ə.Hüseynov əlavə edib ki, Kəlbəcərlə sərhəddə nəzarəti ələ keçirmək gələcəkdə Qarabağın cənub hissəsinə yol açmağa da imkan yarada bilər:

“Bir sözlə, Kəlbəcər həm ermənilər üçün, həm də Rusiya üçün strateji anlamda “Qarabağın qapısı” sayılır. Bu Birinci Qarabağ müharibəsi dönəmində də belə olub, indi də belədir. Hədəflər dəyişməyib. Heç də təsadüfi deyil ki, 1993-cü ildə məhz Kəlbəcərin işğalından az sonra bir-birinin ardınca daha 5 rayonumuz da işğal edilib. Çünki Kəlbəcərin işğalı həmin rayonların da işğal edilməsini asanlaşdırmışdı. Bu mənada, belə bir plan bu gün də qüvvədədir. Onu da qeyd etməliyik ki, istər Ermənistan ordusunun içində Paşinyan iqtidarına tabe olmaqdan boyun qaçıran qüvvələr, istər Robert Köçəryan-Serj Sərkisyan “cütlüy”ünün rəhbərlik etdiyi radikal-revanşistlər, istərsə də Rusiyanın hərbi-siyasi dairələri Kəlbəcər kimi mühüm strateji əhəmiyyətli rayonu həm də ona görə daim hədəf mərkəzində saxlayırlar ki, onlar bu istiqamətdə tez-tez atəşkəsi pozmaqla, intensiv təxribatlar törətməklə əslində Azərbaycanı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlamağa təhrik etməyə, müharibəni yenidən alovlandırmağa çalışırlar”.

Partiya sədri vurğulayıb ki, biz məsələnin kökündə dayanan başqa bir məqama da mütləq diqqət yetirməliyik:

“Kəlbəcərin Ermənistanla sərhəd bölgəsində böyük qızıl mədənlərinin (Söyüdlü - Zod qızıl yatağı) yerləşməsi amili də atəşkəs rejiminin pozulmasının əsas səbəblərindən biri kimi nəzərdən keçirilə bilər. İstər Rusiya, istərsə də Ermənistan həmin qızıl mədənlərinə nəzarət imkanlarını ələ keçirmək marağını qətiyyən gizlətmir. Başqa bir səbəb isə Ermənistanın Azərbaycanı dünya birliyinin nəzərində təvavüzkar obrazında təqdim etmək, tanıtmaq cəhdindən qaynaqlanır. Ermənistan buna nail olmaq üçün son günlərdə Kəlbəcər istiqamətində sərhəd təxribatlarını getdikcə daha da intensivləşdirir ki, Azərbaycan tərəfi də soyuqqanlılığını pozaraq məlum təxribatlara tammiqyaslı əks-hücum əməliyyatları ilə cavab versin. Bu isə öz növbəsində Ermənistana həm Azərbaycanın təcavüzkarlığını əlində bayraq etməyə imkan verərdi, həm də rəsmi İrəvanın 10 noyabr razılaşmasının icrasından imtina etməsinə əlverişli zəmin (daha doğrusu, göydəndüşmə bəhanə) yaradardı”.

“Nəhayət, sonuncu səbəb kimi isə Kəlbəcər istiqamətində baş verən təxribatların arxasında ABŞ-ın və NATO-nun da dayandığını düşünmək olar. Ola bilsin ki, onlar məhz bu yolla Ermənistanı Rusiyanın “qucağ”ından qoparmağa, eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətməyə çalışırlar. Ümumiyyətlə, Rusiyanı Qərb üçün, Avropa Birliyi üçün potensial təhlükə mənbəyi kimi görməyə başlayan və buna görə də Rusiyanın bütün istiqamətlərdə mövqelərini zəiflətməyi planlaşdıran dünya gücləri üçün Ukraynadan əlavə, dünyanın daha bir regionunda (Cənubi Qafqazda) Rusiyanın münaqişəyə, müharibəyə cəlb edilməsi heç də perspektivsiz görünmür.

Göründüyü kimi, bütün səbəblərin və ya versiyaların mərkəzində bu və ya digər şəkildə məhz Rusiya amili dayanır. Yəni ki, Kəlbəcər istiqamətində atəş səslərinin get-gedə çoxalması ya bilavasitə Rusiyanın istəyi ilə baş verir, yadaki Rusiyaya görə baş verir. Başqa sözlə desək, Kəlbəcər geosiyasi güclərin maraqlarının toqquşduğu nöqtələrdən birinə çevrilə bilər. Bu isə bizi maksimum ayıq-sayıq olmağa vadar edir”, - deyə, Ə.Hüseynov fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az