Hadisə Özəl

Sumqayıtda gənc oğlanla bibisi arasında mülk davası —TƏFƏRRÜAT

Sumqayıtda gənc oğlanla bibisi arasında mülk davası —TƏFƏRRÜAT

Sumqayıt şəhərində 27 yaşlı gənc bibisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü Müslüm Vəliyev bibisi Aydagül Vəliyeva ilə mübahisə edib.

Mübahisə zamanı Müslüm itələyərək bibisini yerə yıxıb. Bu zaman qadın xəsarət alıb.

Məlum olub ki, hadisə mülk üstündə yaranan münaqişə zamanı baş verib.

Belə ki, Aydagül qardaşı oğlundan ona məxsus evdən qeydiyyatdan çıxmasını tələb edib. Müslüm isə buna etiraz edib.

Bu səbəbdən bibi və qardaşoğlu arasında mübahisə cinayətlə nəticələnib.

Müslüm izahatında bildirib ki, qeydiyyatda olduğu ünvan həmin mənzildir və başqa ünvanda qeydiyyata düşməyə yer yoxdur. O, deyib ki, bibisinin onu qeydiyyatdan çıxması barədə tələb etməsi ilə bağlı aralarında tez-tez münaqişə yaranıb.

Aydagül isə izahatında göstərib ki, qardaşı oğlu Müslüm narkotik vasitə aludəçisidir və narkamaniya xəstəliyindən əziyyət çəkir: “Bu səbəbdən daima dava salır və mübahisə edir. Hadisə günü də məni eyni səbəbdən vuraraq xəsarət yetirdi”.

Qardaşı oğlu tərəfindən xəsarət alan qadın Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edib.

Onun müraciəti əsasında Müslümün barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Müslüm 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az