Qərb mediası Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirir.
Məsələyə münasibət bildirən Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl Demokrat.az-a açıqlamasında bildirib ki, Qərb mediasının Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirməsi əslində Rusiya ilə Türkiyə münasibətlərinə yönəlik bir söyləmdir. Professorun sözlərinə görə, Türrkiyə müstəqil bir dövlətdir və o, istədiyi qərarı verə bilər:
“Türkiyə bu məsələdə Rusiya ilə hər hansı razılaşma, iş birliyi, ittifaq, sözləşmə, müqavilə imzalanmayıb ki, onu da pozsun. Burada Türkiyə öz milli maraqlarından hərəkət edirdi. Əsas məsələ isə odur ki, ilk gündən Türkiyə deyirdi ki, NATO-nun genişlənməsinə etiraz eləmir. Amma, İsveçrə və Finlandiya kimi terroru dəstəkləyən, Türkiyəyə qarşı silah embarqosu, sanksiyaları tətbiq edən ölkələr əgər NATO-ya girmək istəyirsə, Türkiyənin tələblərini qəbul etməlidir. Burada mən hər hansı bir şey görmürəm. Türkiyə öz milli maraqlarından hərəkət etdi və fürsəti öz lehinə çevirməyi bacardı”.

T.İsmayıl qeyd edib ki, ümumiyyətlə, bu prosesə baxdıqda, əslində bu məsələdə Rusiya özü-özünə zərbə endirmişdi:
“Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi, əraziləri işğal etməsi onu dünya ictimaiyyəti gözü önündəki nüfuzunu zəiflətdi. Həmçinin, ABŞ-ın Rusiyaya qarşı təbliğatı və təzyiqi vasitəsilə sanksiyalar artırıldı. Bununla da, Rusiya özü-özünə zərbə endirdi. İsveçrə və Finlandiya kimi tərəfsiz ölkələrin də NATO-ya üzv olması üçün bu cür müdaxilə fürsət oldu, NATO da bunu dəyərləndirdi”.
“Amma, dediyim ki, Türkiyənin İsveçrə və Finlandiyanın NATO-ya üzv edilməsi, bu ölkələrin Türkiyənin tələblərini yerinə yetirəcəyinə dair dörd tərəfli sazişin qəbul edilməsi və öhdəliklərin götürməsindən irəli gəlir. Bunu bilməyənlər də bir zəhmət olmasa qəbul edilən dördlü memorandumu oxusunlar, baxsınlar. Orada hər şey açıq və aydın şəkildə göstərilmişdir. Digər şeylər hamısı dedi-qodudur və yaxud əks təbliğatdan başqa bir şey deyil. Türkiyə müstəqil dövlətdir və öz qərarlarını özü verir,”- sonda professor fikirlərini yekunlaşdırıb.
Aynurə Pənahqızı Demokrat.az


