Bu gün Rusiya prezidenti Vladimir Putin Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Türkmənistan, Azərbaycan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu məsələ ilə bağlıDemokrat.az-a müsahibə verib:
- Ərəstun müəllim, bu tədbirin keçirilməsində başlıca məqsəd nədir?
- Bu tədbirin keçirilməsi Rusiyanın Xəzərdə öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilməlidir.Məsələ burasındadır ki, 2018-ci ilin avqust ayında Xəzərlə bağlı imzalanmış memorandum hələ bütün Xəzəryanı dövlətlər tərəfindən radifikasiya olunmayıb. Yəni, əslində sənəd bir növ imzalanıb, Xəzərin statusuna dair yeni bir anlaşma əldə olunub, amma həmin anlaşmanın bugünədək tam olaraq hüququ əsası, bazası yoxdur. Rusiyanın başlıca məqsədi indiki geosiyasi şəraitdə Xəzərdə öz nəzarətini, öz iştirakını gücləndirməkdir. Təbii ki, bütün digər Xəzəryanı dövlətləri öz iradəsinə tabe etməkdir. Çünki həmin anlaşmaya əsasən, yeni memoranduma əsasən artıq Xəzərin sektoral bölgüsü deyil, onun bir növ beynəlxalq dəniz hüququ çərçivəsində bölgüsü aparılıb. Halbuki, Xəzər açıq dəniz deyil, qapalı dənizdir. Yəni bax bu qanunun, normativlərin ora tətbiqi həmin daxili, qapalı dəniz anlayışı ilə uzlaşmır.
- Rusiya nədən çəkinir?
- Rusiya bilir ki, Xəzəryanı dövlətlərin demək olar ki, heç biri onu strateji müttəfiq kimi görmür. Azərbaycanın müttəfiqi daha çox bu gün onun enerji əməkdaşlığı etdiyi Böyük Britaniya, ABŞ və təbii ki, Türkiyədir. Türkmənistanın hərbi və enerji əməkdaşlığı daha çox Qazaxıstan, Çin və digər ölkələrlədir. Belə olduğu şəraitdə Rusiyanın demək olar ki, mövqeləri üst-üstə düşən yeganə Xəzəryanı dövlət İran qalır. Rusiya bu sammiti keçirməklə bir daha Xəzəryanı dövlətlərin başçılarından təminat almaq istəyir.
- Rusiya ratifikasiyaya nail ola biləcəkmi?
- Qeyd edim ki, əvvəllər sənəd olunacaqdı. Bununla da həmin neytral sular adlanan Xəzərin əsas hissəsində, həmin memoranduma görə Xəzəryanı dövlətlərə aid olmayan ölkələrin Xəzərdə iştirakı mümkünsüzdür, o cümlədən də hərbi iştirakı. Amma, Azərbaycanın bu gün Türkiyə ilə Xəzər məsələsində müəyyən əməkdaşlıq planları qurması və eynilə digər dövlətlərində oxşar addımlar atması təbii ki, Rusiyanı narahat edir. Rusiya çalışır ki, həm də Transxəzər qaz layihəsinin, hansı ki, gələcəkdə Türkmənistan-Qazaxıstan, ola bilsin, hətta İran qazının Xəzər üzərindən keçməklə Azərbaycanın qaz kəmərlərinə qoşulmaqla Avropaya çatdırılmasının qarşısını alsın. Rusiyanın başlıca məqsədi budur. Rusiya bir daha Xəzəryanı dövlətlərdən buna təminat almaq istəyir. Ola bilsin ki, onun tam olaraq radifikasiyasına nail ola bilsin.
- Necə düşünürsünüz, bu məsələdə İranla Rusiyanın mövqeyi üst-üstə düşürmü?
- Məsələ orasındadır ki, həmin sənədi radifikasiya etməyən ölkələrdən birincisi İrandır. İran da yaxın gələcəkdə öz qazının Avropaya mümkün ixracı haqqında düşünür. Bu mənada Rusiya və İranın maraqları bir-birinə diametral ziddir. Mən bunu belə görürəm.
- Azərbaycan bu məsələdə nəyə nail ola bilər?
- Azərbaycan bu məsələdə yalnız digər Xəzəryanı dövlətlərlə bir platformadan çıxış etməklə, Rusiyanın həmin o niyyətinin qarşısını ala bilər. Ona görə ki, bu məsələdə istər Qazaxıstanın, istər Türkmənistanın, istər İranın, istərsə də Azərbaycanın, yəni 4 Xəzəryanı ölkənin maraqları tam üst-üstə düşür. Avropa Rusiya qazından imtina edir. Avropa alternativ qaz mənbələri axtarır ki, bu da Xəzər hövzəsi dövlətləridir. Onlardan əsas böyük qaz ixracatçıları şübhəsiz ki, Türkmənistan və İrandır. Amma qaz nəqli infrastrukturu Azərbaycanın ərazisindədir. Bu mənada maraqlar üst-üstə düşür. Azərbaycan bundan böyük uğur əldə edə bilər.
- Bu məsələdə risklər varmı?
- Əlbəttə ki, böyük risklər var və risklər də qalmaqdadır. Çünki dediyim kimi, bu gün Rusiya Xəzərdə hərbi dominantlığa malikdir və bunu da artırmaq haqqında düşünür. Hazırda yeni bir neçə hərbi gəminin inşası həyata keçirilir. Rusiya Xəzərdən tez-tez Ukraynaya raketlər atmaqla təkcə Ukraynaya qarşı hərbi əməliyyat aparmır, əslində bu çox böyük mənasız bir şeydir. Xəzər hara, Ukrayna hara? Həmçinin, Xəzəryanı ölkələri və Xəzər hövzəsində marağı olan digər ölkələri təhdid etməklə məşğuldur.
- Rusiyanın bu məsələdə əsas istəyi nədir?
- Bu gün Xəzərin statusu məsələsi son dərəcə aktualdır. Sammitin də başlıca məqsədi bu məsələyə aydınlıq gətirməkdir. Təbii ki, ilk növbədə Rusiya maraqlıdır. Çünki Xəzər təkcə enerji daşıyıcılarının, qazın və neftin nəqli üçün deyil, Trans-Xəzər vasitəsilə, həm də Çindən Avropaya keçən Şərq-Qərb yükdaşıma, nəqliyyat, kommunikasiya dəhlizin keçdiyi ərazidir. Rusiya həmçinin bu dəhlizə nəzarət imkanını təkbaşına əlində cəmləmək istəyir.
Aynurə Pənahqızı Demokrat.az


