“Gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır. Hesab edirəm ki, Azərbaycan orta və ümumtəhsil məktəblərində məktəbli kitabçaları ümumiyyətlə istifadə olunmamalıdır. Bu, elektron xidmətlərlə həyata keçirilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
“Bu gün Azərbaycanda demək olar ki, bütün vətəndaşların mobil telefonları, komputerləri var. Artıq elektron jurnallardan istifadə olunur. Şagirdlərin istər dərsə davamiyyəti, istərsə də dərsə cavab verməsi elektron lövhədə qeyd olunmalı və avtomatik olaraq valideynin mobil telefonuna və yaxud elekton poçtuna digər qaynaqlarla birbaşa çatdırılmalıdır.

Təəssüflər olsun ki, bu gün valideynlərimizin böyük əksəriyyəti məktəbli kitabçaları, yəni bizim “gündəlik” dediyimiz vəsaiti istifadə etmirlər. Müəllimlərin bir çoxunun da kitabçalardakı qeydləri qənaətbəxş deyil. Çünki bilirsiniz ki, kurrikulumda qiymətləndirmə yoxdur. Biz artıq, şagirdin istər 5 ballıq, istərsə də 10 ballıq şkalada qiymət aldığına öyrəşmişik. Lakin şagirdlərin dərsə hazırlığı, davamiyyəti, onların biliklərinin qiymətləndirilməsi elektron lövhələr vasitəsilə həyata keçirilməli və bununla bağlı valideynlər xəbərdar edilməlidir. Bu, eyni zamanda gündəlik dərsə davamiyyətin və qiymətləndirilmənin əks olunduğu sinif jurnallarına da aiddir. Bu jurnalda işləmək əlavə vaxt və kağız itkisidir”.
Ekspert qeyd edib ki, bəzi məktəblərdə elektron lövhələr istifadəyə verilib, amma həyata keçirilmir:
“2011-ci ildən bu günə qədər dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsait ayrılıb ki, elektron jurnallar yaradılsın. Bu çox sadə və qısa müddətdə həyata keçirilməsi mümkün olan proqramdır. Sadəcə olaraq valideynlər məktəblərdə yaradılmış elektron resurslardan qeydiyyatdan keçmirlər. Halbuki, bu cür sistemin tətbiqi vaxt itkisinin minimuma endirilməsinə, kağız daşıyıcılarına mümkün qədər qənaət edilməsinə səbəb olur. Sabah da hər hansı hesabat lazım olanda bütün jurnalı və ya kitabçaları götürüb vərəqləməyə ehtiyac yoxdur. Nəticə olaraq növbəti tədris ilində elektron lövhələrdən Azərbaycanda fəaliyyət göstərən 4472 ümumtəhsil məktəblərinin hamısında tətbiq olunmalıdır. Elektron jurnallardan istifadə təhsilin müasir çağırışlara cavab verməsi deməkdir. Bunun kifayət qədər müsbət tərəfləri var”.
Qeyd edək ki, Təhsil Nazirliyin qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə deyib ki, orta məktəblərdə yavaş-yavaş rəqəmsal sistemə keçilir. Elektron sinif jurnalı, gündəlik, indi isə rəqəmsal qiymətləndirmə olacaq. Təhsil Nazirliyi bütün dövlət məktəblərinə bununla bağlı tövsiyyələr verib. Belə ki, hansı məktəbin internet və texniki təminat ilə bağlı problemi yoxdursa qiymətləndirmələr online keçirilə bilər. Orta məktəblərdə summativ qiymətləndirmələr online keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün dövlət ümumtəhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmənin rəqəmsal şəkildə aparılması tövsiyyə olunub.
Aynurə Pənahqızı Demokrat.az


