Sosial şəbəkələrdə Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminallarının əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılması və həmin yerin “Simit Sarayı”na kirayə verilməsi ilə bağlı məlumatlar yayılıb.
Həmçinin, bununla bağlı fotofaktlar da əks olunub. Sosial şəbəkə istifadəçiləri vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi ərazini restorana verib və pul qazanmağın yeni üsulunu tapıb.
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Demokrat.az-a açıqlama verib:

“Məsələni kontekstdən çıxardıb fərqli formada təqdim edirlər və insanlarda çaşqınlıq yaradırlar. Orada ödəmə terminallarının yeri dəyişdirilib, amma dəyişdirilib deyəndə, bu insanlarda hər hansı bir narahatlıq yaradan formada dəyişdirilməyib. Ödəmə terminalı bir addım o tərəfdə həminki yerdə qoyulub. Vətəndaş gəlib yenə də ödəmə terminalarından istifadə edə bilir və heç bir problem yoxdur. Ödəmə terminallının işi orada bir saniyə belə dayandırılmayıb. İkinci bir məsələ, dünyanın hər bir yerində bu cür mərkəzlərdə müxtəlif iaşə obyektləri var. Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzində də belə iaşə obyekti olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


