Gündəm Özəl

Qərbdəki ermənipərəstlərdən qaynaqlanan və çirkin məqsədləri hədəfləyən ssenari

Qərbdəki ermənipərəstlərdən qaynaqlanan və çirkin məqsədləri hədəfləyən ssenari

Azərbaycanda məişət hadisəsinə belə dərhal reaksiya verən ABŞ Ermənistanda ayaq altında sürünən insan hüqularına kor və lal münasibət sərgiləyir.

Təkbaşına, öz gücü hesabına 30 illik erməni işğalına son qoyan, ardınca yenə heç kimdən maliyyə yardımı almadan, özünün iqtisadi qüdrəti sayəsində Qarabağda genişmiqyaslı quruculuq işləri aparan Azərbaycana qarşı ənənəvi metodlarla təzyiqlərin edilməsinə cəhdlərin olacağı gözlənilən idi. Müstəqil xarici siyasətə malik Azərbaycana qarşı qızışdırıcı metodlarla müdaxilə etmək, xaos mühitinin yaranmasına cəhdlərdə bulunmaq ilk dəfədir ki, baş vermir. Neft kəmərlərinin çəkilişi, mühüm transmilli enerji, həmçinin nəqliyyat layihələrinin reallaşdırılması, ölkəmizdə baş tutacaq hansısa beynəlxalq tədbir öncəsi olan təzyiqlər yaddaşlardan silinməyib. Azərbaycanın uğurları düşmən xislətli qüvvələrdə dünən necə qıcıq, xainlik yaradıb, onları pis əməllərdə şərik olmağa sürükləyib hərəkətə gətirirdisə, bu gün də eyni canlanma hiss olunmaqdadır. Xarici anti-Azərbaycan qüvvələri, “5-ci kolon” hazırda Azərbaycan naminə, mövcud hakimiyyət əleyhinə hər cür pislik üçün yenidən hərəkətə keçib. Tutduğu müstəqil yola sadiq olan Azərbaycana qarşı yenə də müxtəlif təşkilatlar, mərkəzlər qarayaxma kampaniyasını, böhtanı, ittihamı dövriyyəyə buraxmağa başlayıblar.

Diqqət etsək görərik ki, son həftələr bəlli bir xətt inkişaf etdirilməkdədir-Azərbaycanda insan hüququları kobud şəkildə pozulur, ictimai fəllara basqılar təşkil olunur, onlara qarşı zorakılıq həyata keçirilir və s. Bu, təsadüfdürmü? Hadisələrin ardıcıllığı baş verənlərin bəlli bir ssenari olduğunu ortaya qoyur. Bakıda Formula 1 yarışmasının start götürəcəyi, Şuşada önəmli tədbirlərin olduğu bir ərəfədə jurnalist Aytən Məmmədova ilə bağlı baş verən hadisə, dərhal bir qrup şəxsin meydana çıxması və bəyanat yayması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiyası, sonda isə hadisənin hətta ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə daşınması sıradan hadisələr kimi görünməməlidir. Üstəlik, tələm-tələsik “fəalların” Bakının mərkəzində aksiya təşkil etməsi məqsədsiz deyil. Bütün bunlar yeni anti-Azərbaycan kampaniyası başlatmaq üçündür.

Sual olunur? ABŞ niyə eyni həssas yanaşmanı Ermənistana qarşı nümayiş etdirmir? Axı Ermənistanda insan hüquqlarının tapdanması baxımından daha çılpaq hadisələr baş verir. Artıq bir həftədir Ermənistanda aksiyalar davam edir. Bu aksiyalar fonunda insanların, ictimai fəalların, həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair danılmaz olayların ardı-arası kəsilmir. Mediada aksiyaçılara qarşı zorakılıq halları ilə bağlı kifayət qədər görüntü, faktlar yayımlanır, amma Qərb bütün bunları görmür. Bu gün Ermənistanda yaşananlara ABŞ-ın bu ölkədəki səfirliyinin hansısa reaksiyasını görmüsünüzmü? Azərbaycanda ən xırda hadisədən xəbər tutan ABŞ-ın Dövlət Departamenti Ermənistanda ayaq altında sürünən insan hüqularına kor və lal münasibət sərgiləyir. Sifarişlə işləməyə müntəzir olan beynəlxalq hüquq-müdafiə təşkilatları da Ermənistan olaylarına ciddi reaksiya vermir. Necə olur ki, burda bir jurnalistə qarşı hələ motivi araşdırma predmeti olan hadisə o boyda ABŞ-ı narahat edir, amma Ermənistanda insan hüquqlarıının qorunması adına yaşanan ən biabırçı olaylar isə yox?!

Qısa haşiyə çıxıb onu da vurğulamaq vacibdir ki, jurnalistlə baş verən hadisə yenidir və hazırda araşdırılır. Rəsmi qurumların reaksiyası da hamıya bəllidir. Belə olduğu təqdirdə ABŞ Dövlət Departamentinin həddən ziyadə isti münasibətinə başqa ad tapmaq mümkün deyil.

Azərbaycandakı ən xırda olayın belə şişirdilməsində yuxarıda qeyd olunanlarla yanaşı, bir sıra başqa məqsədlər də güdülür. Bunlardan biri, Azərbaycana qarşı iddiaları maksimum şişirtməklə, Ermənistanda Sorosun “uşaqlarının” törətdiyi özbaşınalıqlardan diqqəti maksimum yayındırmaqdır. Necə deyərlər, maliyyə kimdədirsə, sifarişi də o verib. Ermənistanda yaşanan biabırçılıqları görməyən ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə ən üst səviyyədə reaksiyası bunun əyani sübutu deyilmi? Belə rəy yaranmasın ki, ABŞ özü aydan arı sudan duru bir ölkədir və bu baxımdan başqa ölkələrdə qüsur axtarmaq haqqına sahibdir. ABŞ-da hər il ictimai fəallar, jurnalistlər də daxil olmaqla, minlərlə cinayət hadisəsi, hüquq pozuntuları yaşanmırmı? Fəqət, bunların haqqında heç zaman danışılmır, bu hadisələr kiməsni narahat etmir...

Azərbaycana qarşı başlanan kampaniya üçün maliyyənin ayrılması barədə məlumatları xatırlatmaq da yerinə düşər. Mətbuatdan da məlumdur ki, ABŞ-ın Milli Demokratiya Fondunun (NED-National Endowment for Democracy) Azərbaycana cari il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235 min dollar təşkil edir. Fondun bu il Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd mövcuddur. O da bəllidir ki, NED və bu tip institutların təcrübəsində “təcili qrantların ayrılması” məhz hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur və hazırda bu müddət may ayının 25-nə qədər olan dövrü əhatə edir. Nəzərə alsaq ki, ayrılan məbləğin 398,837 min dolları Bakı da daxil olmaqla, bütün regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılmasını, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkilinı, insan hüquqlarının qorunmasının monitorinqini və digər bu kimi məsələlərin maliyyələşdirilməsini, bu yöndə olan layihələrin həyata keçirilməsini hədəfləyib, onda məzərə tam aydın olur. Təcili qrant layihəsini icraya başlayan “5-ci kolon” hadisələri körükləyərək Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmaq üçün bütün imkanlarını səfərbər ediblər.

Beləlkilə, Qərbdəki ermənipərəstlərdən qaynaqlanan bu proses çirkin məqsədləri hədəfləyib. Ermənilərin ABŞ-dakı himayədarları 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını heç cür qəbul edə bilmirlər. Ənənəvi bəsit yollarla Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilib.

Unudulur ki, Azərbaycan xalqı, ictimaiyyəti belə çirkin oyunların mənbəyini yaxşı bilir. Ölkəmizi sevməyən xarici dairələrin narahatlığının Azərbaycanın daha da güclənməsindən doğduğunu anlayır. Anlayır ki, xarici anti-Azərbaycan qüvvələri Azərbaycanı hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevirmək, ictimai narazılığı artırmaq, ölkədə qarmaqarışıq bir vəziyyət yaratmaq və bundan istifadə edib ölkəmiz üzərindən özlərinə gərəkli olan ssenariləri başlatmaq istəyindədirlər. Ona görə də belə hadisələrin ölkənin ictimai rəyinə təsir edəcəyi, bununla hansısa məqsədlərə nail olunacağı ilə bağlı proqnozlar doğrulmayacaq. Xalq görür ki, bu gün bütün diqqət cəmiyyətin problemlərinə, xüsusilə Qarabağın dirçəldilməsinə yönəldilib.

İqtisadi cəhətdən inkişaf etmiş, sabitliyi dönməz xarakter alan Azərbaycan bu mərhələdə də xarici təzyiqlərə, daxili hücumlara sinə gələ bilmək gücündədir.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az