Gündəm Özəl

“Ümid edirəm ki, gələcəkdə bizim ölkəmizdə də səliqəli qəbirlər olacaq” — Cavanşir Paşazadə

“Ümid edirəm ki, gələcəkdə bizim ölkəmizdə də səliqəli qəbirlər olacaq” — Cavanşir Paşazadə

Xəbər verdiyimiz kimi, Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Qeyd edək ki, ölkədə ilk olan bu xidmət özəl sektora aiddir. Bəs, bu xidmətin yaradılmasına hansısa ehtiyac var idi?

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə fikirlərini Demokrat.az-la bölüşüb.

Millət vəkili açıqlamasında vurğulayıb ki, qanunla qəbirstanlıqlar bələdiyyə tərkibindədir və burada olan hər hansı fəaliyyət yalnız onlara aiddir:

“Milli Məclis olaraq biz belə bir qanun təsdiq etməmişik. Amma belə xidmətin olmasına pis baxmıram. Əgər bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etsə, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətlərini qursalar, fikrimcə, heç bir problem yaranmayacaq. Əlbəttə ki, hər kəsin o məkanda doğması, əzizi, yaxını var. Əgər həmin şəxslər öz yaxınlarının qəbirlərini öz vəsaitləri hesabına qulluq edilməsini istəyirsə, niyə də belə bir xidmət olmasın. Fikrimcə, həmin insanlar da rahat olarlar. Təbii ki, belə fərdi təşkilatlar ilk olaraq bələdiyyələrdən razılıq almalı, onlarla müqavilə bağlamalıdırlar. Yəni, qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər və qadağan olunmayan məsələləri təmin edə bilər”.

C.Paşazadə hesab edir ki, qəbirstanlıqlarda müntəzəm təmizlik işləri aparılmalı və məzarlar səliqə-sahmana salınmalıdır:

“Əlbəttə ki, əzəldən ölkəmizdə köhnə qəbirstanlıqlar olduğu üçün bu gün bir çox qəbirlərimiz pərakəndə formasındadır. Düzdür, xarici ölkələrdə də belə şeylər olur. Yəni, hər şey bizdə pis, orada yaxşı deyil ki!? Bizim müsəlman qəbirstanlığın bir hissəsində bəzən görürsünüz ki, xristian millətindən olan qeyri-müsəlmanlar da dəfn olunub. Bu da onu göstəricisidir ki, əzəldən Azərbaycan tolerant ölkə olub. Lakin qəbirstanlıqların səliqə-sahmana salınmasına çox ehtiyac var. Hesab edirəm ki, gələcəkdə bizim bələdiyyələr də artıq yeni qəbirstanlıqlarda səliqə-sahmana xüsusi diqqət yetirəcəklər və məzarlar daha səliqəli olacaq. Təbii ki, biz də bunu dəstəkləyəcəyik. Ümid edirəm ki, gələcəkdə bizim ölkəmizdə də səliqəli qəbirlərə rast gəlinəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az