Bakının Xəzər rayonunda 1974-cü il təvəllüdlü Teymur şəxsi münasibətlər zəminində Əzimovu bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il iyunun 30-da, saat 21 radələrində baş verib.
Teymur tanışı Əzimovun yaşadığı Binə qəsəbəsi, “Zavod arxası” adlanan ərazidəki nömrəsiz fərdi yaşayış evinə gedib. Ondan həmin tarixdə səhər saatlarında onun qardaşı ilə birgə işlədikləri emalatxanaya kənar adamlar toplamasına görə aralarındakı narazılığa aydınlıq gətirmək istəyib. Buna görə Əzimova iradını bildirib.
Əzimovun ona nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlərinin pozulması zəminində yaranan mübahisə zamanı əlbəyəxa olublar. Bu vaxt Teymur Əzimovu bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 10 ildən çoxdur tanıdığı Əzimovla münasibətləri normal olub: “Bir müddət əvvəl Əzimov Binə qəsəbəsində avtomobil çilingəri işləyən qardaşımın yanında işə düzəltdim. Aradan bir neçə gün ötmüş qardaşım mənə zəng etdi, Əzimovun yanına çox adam gəlib-getdiyindən narahat olduğunu bildirdi. Onunla bu barədə özümün danışacağımı söylədim”.
Teymur bildirib ki, iyunun 30-da, saat 21 radələrində bu məqsədlə Əzimovun yaşadığı evə gedib: “Qapını döyəndə Əzimov qarşıma tumanla çıxdı. Ona “mənim qarşıma belə geyimdə çıxma” deyərək iradımı tutdum. Əzimovda “gözlə, gəlirəm” deyərək içəri keçdi. Sonra yenidən evdən çıxaraq mənə ağır söyüş söydü. Bunun üçün biz əlbəyaxa olduq. Bu zaman Əzimov məni nə iləsə vurdu. Mən isə növbəti zərbəni vurmaması üçün sonuncunu qucaqladım. Sonra bıçağı çıxararaq bir dəfə onun belindən vurdum. Əzimov ayrılmaqla geri çevrilərək qaçmaq istəyərkən ayağı daşa ilişdiyindən yerə yıxıldı”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


